29
Sentyabr

29 Sentyabr

Xarici media

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistanın növbəti hərbi təxribatı nəticəsində təmas xəttində yaranmış vəziyyətdən bəhs edən məqalə yayılıb.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin rəsmilərinə istinadla sentyabrın 28-də Azərbaycan qoşunları ilə toqquşmalarda daha 28 erməni yaraqlısının öldüyü, nəticədə ölənlərin sayının 56-ya çatdığı bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri ilə toqquşmalarla əlaqədar Azərbaycanda Prezident İlham Əliyevin Sərəncamı ilə qismən səfərbərlik elan edilib. Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalına son qoymasını tələb edən fikirlərinə də yer verilib: "Ermənistan işğal altındakı torpaqları dərhal tərk edən kimi regionda sülh və rifah bərpa olacaq".

CGTN bildirir ki, illər ərzində keçmiş sovet respublikaları arasında gedən şiddətli döyüşlər dünya bazarlarına neft və qaz nəql edən boru kəmərləri üçün dəhliz olan Cənubi Qafqaz regionunun sabitliyindən ötrü narahatlıq doğurub.

Məqalədə özünü müstəqil elan etmiş Qarabağdakı qondarma rejimi heç bir ölkənin, o cümlədən Ermənistanın belə tanımadığı və beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı vurğulanıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.