01
Noyabr

1 Noyabr

Cəbhə xəbərləri

Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb. Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Müdafiə Nazirliyinin Mətbuat xidməti bildirib ki, oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.