23
Oktyabr

23 Oktyabr

İnformasiya müharibəsi

Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır

Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.

Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.

Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.