18
Oktyabr

18 Oktyabr

Müdafiə Nazirliyi

Ali Baş Komandanın qətiyyətli mövqeyi ordumuzda böyük ruh yüksəkliyi yaradıb

Hazırda əməliyyat şəraiti tam olaraq bölmələrimizin nəzarəti altındadır. Düşmənə xəbərdarlıq edirik ki, Ermənistan ordusu humanitar atəşkəs rejiminə məhəl qoymadan əməliyyat bölgəsində yenə gərginlik yaratmaqda davam edərsə, ordumuz tərəfindən daha kəskin şəkildə adekvat cavab tədbirləri görüləcək. Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa, Ali Baş Komandanın qarşıya qoyduğu istənilən döyüş tapşırığını vaxtında və tam olaraq icra etməyə hazırdır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 18-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, son sutka ərzində düşmən ağır itkilərə məruz qalıb. Belə ki, düşmənin 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi bölmələrimiz tərəfindən məhv edilib. Uğurlu əməliyyatlar nəticəsində Füzuli ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Bu hərbi hissədə olan bütün texnikalar, döyüş sənədləri hərbi qulluqçularımızın əlindədir.

“Humanitar atəşkəs qətiyyən sülh demək deyil. Ali Baş Komandanımızın göstərişinə əsasən, Azərbaycan Ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, cəsədlərin toplanılması, eyni zamanda, tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır. Təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini dəfələrlə ağır artilleriya və minaatanlardan atəşə tutur. Həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində - Tovuz, Daşkəsən rayonlarında Azərbaycan Ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulur. Bundan başqa, Ermənistan ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu dövrdən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda Ermənistan ordusunun bölmələri bölmələrimiz tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Ali Baş Komandanın qətiyyətli mövqeyi ordumuzun hərbi qulluqçularında, xüsusilə əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb. Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti, eləcə də ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir”, - deyə Anar Eyvazov vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.