09
Oktyabr

9 Oktyabr

Sosial media

Prezidentin trendə çevrilən "Şamanlara zəng etsin" sitatı

Vətən müharibəsi zamanı sosial mediada ən çox müzakirə olunan mövzulardan biri də Prezident İlham Əliyevin xalqa müraciətləri idi. Ali Baş Komandanın bəzi fikirləri isə sosial şəbəkələrdə fenomenə çevrilmişdi. Bunlardan biri də, işğalçı ölkənin rəhbəri haqqında deyilən və yerinə düşən sözlər oldu.

Prezident hər gün dünya liderlərinə, beynəlxalq təşkilatlara zəng edib özünü alçaldan Nikol Paşinyan haqqında "Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə bir şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın" dedi. Onun "Bəlkə bir şamanlara zəng etsin" sitatı isə gündəmə çevrildi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.