04
Oktyabr

4 Oktyabr

Sosial media

Ürəklərə yatan "İti qovan kimi qovuruq onları" ifadəsi

Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışları və xalqa müraciətləri sosial mediada ən çox müzakirə olunan mövzulardan biri oldu. Xalqımız hər gün Ali Baş Komandanın torpaqların işğaldan azad edilməsi ilə bağlı müjdə verməsini gözləyir, Prezidentin əksər çıxışlarından sonra isə müəyyən ifadə və çağırışlar sosial şəbəkələrdə trendə çevrilirdi.

Belə ifadələrdən biri də İlham Əliyevin işğalçı orduya layiqli cavab verilməsi haqqında olan fikirləri idi. O "İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır!" deyəndən sonra uşaqdan böyüyə hər kəs "İti qovan kimi qovuruq onları" cümləsini paylaşdı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.