07
Oktyabr

7 Oktyabr

Sosial media

Hərbçimizin qızına təbrikini vətəndaşlarımız reallaşdırdı

REAL TV cəbhə xəttindən reportaj hazırlayan zaman 39 yaşlı gizir Cavanşir Nəcəfov Mirşahin Ağayevə verdiyi müsahibəsində həmin gün kiçik qızı, 7 yaşlı Xədicənin ad günü olduğunu demişdi. Məlum reportaj efirə gedəndən sonra ön xətdə olan hərbçimizin ailəsinə göndərdiyi salam, qızını təbrik etməsi sosial şəbəkələrdə gündəmə çevrildi. Vətənpərvər gənclərimiz Cavanşir Nəcəfovun qızına sürprizlər edərək onu təbrik etməyə gedirdilər.

Hərbçi atanın qızı ilə bağlı arzusunu Şəki rayon sakinləri ilə yanaşı digər rayondan olan vətəndaşlarımız da reallaşdırırdılar. İnsanlar Xədicəyə doğum günü tortu və hədiyyələr alaraq ailəyə öz dəstəyini göstərirdi. Hər kəs sosial mediadan bu xoş təşəbbüsü alqışlayır, hərbçinin ailəsini tək qoymayan vətəndaşlarımızla bağlı paylaşımlar edirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.