27
Oktyabr

27 Oktyabr

Sosial media

Bərdəyə raket hücumunun 7 yaşlı qurbanı

İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhəri ilə yanaşı Bərdə rayonu da Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumlarına məruz qalırdı.

Oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutdu.

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid oldu, 14 nəfər isə xəsarət aldı.

Aysu İsgəndərovanı ölümü isə sosial mediada daha çox ürək ağrısı ilə paylaşıldı. Hər kəs erməni terrorizmi, vəhşiliyi və hərbi cinayətlərini pisləyir, xüsusi həştəqlərlə fərqli dillərdə Ermənistan rəhbərliyinin uşaq qatili olmasını dünyaya çatdırmağa çalışırdı. Çünki bu məsum qızcığaz erməni vəhşiliyinin, faşizminin növbəti uşaq qurbanı idi. Aysunun və ailəsinin ürək dağlayan fotoları yalnız sosial şəbəkələrdə deyil, xarici mediada da geniş şəkildə paylaşıldı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.