28
Oktyabr

28 Oktyabr

Xarici İşlər Nazirliyi

Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu ilə bağlı bəyanat

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.

Hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətini bir daha nümayiş etdirir.

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir.

Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu cinayətə görə baş nazir və müdafiə naziri də daxil olmaqla, Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır.

Rəsmi olaraq elan edilmiş humanitar atəşkəs dövründə və hər iki dövlətin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Cenevrə görüşü ərəfəsində Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir.

Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması, məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Azərbaycan bu qeyri-insani hərəkətlərə görə cavabdeh olan şəxslərin ədalətdən yayınmaması və məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.