28
Oktyabr

28 Oktyabr

Xarici İşlər Nazirliyi

Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub

Oktyabrın 28-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasəti, bölgədəki ən son yüksək gərginlik, Bərdə şəhəri də daxil olmaqla, Ermənistanın cəbhə bölgəsindən aralıda yerləşən və heç bir hərbi hədəf əlamətləri olmayan, mülki əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutması barədə həmkarını məlumatlandırıb.

O, günahsız mülki əhalinin atəşə tutulmasının müharibə cinayətləri olduğuna diqqət çəkib. Nazir Ceyhun Bayramov, habelə həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumları nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verib.

İqnasio Kassis, öz növbəsində, mülki şəxslərə qarşı hücumlarla bağlı narahatlığını ifadə edib. O, İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə dair mövqeyini bir daha təkrar edib. İqnasio Kassis münaqişənin sülh yolu ilə həlli ilə bağlı rolu olacağı təqdirdə, ölkəsinin yardım etməyə hazır olduğunu qeyd edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.