02
Oktyabr

2 Oktyabr

Cəbhə xəbərləri

Madagiz ətrafındakı hakim yüksəkliklər düşməndən azad edilib

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfini dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu gün Şəmkirin Sabirkənd, Tovuzun Ağdam, Bərdənin Əmirli, Ağdamın Quzanlı, Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli yaşayış məntəqələri düşmən tərəfindən intensiv artilleriya atəşinə məruz qalıb. Mülki əhali arasında ölən və yaralananlar var. Müəyyən olunub ki, yaşayış məntəqələrinin bəziləri məhz Ermənistan ərazisindən raket və artilleriya atəşinə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 2-də keçirilən brifinqdə deyib.

Bildirilib ki, gecə ərzində, səhər saatlarında və bu dəqiqələrdə cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları uğurla davam edir. Madagizdə geri çəkilməyə məcbur edilən 6-cı dağ atıcı alayının əsgərləri arasında çaxnaşma və atışma baş verib. Düşmənin şəxsi heyəti arasında hökm sürən qorxu və vahimə dərin ruh düşkünlüyü yaradıb. Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri açıq döyüşdən və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər. Bunun əvəzinə Ermənistan müdafiə nazirliyi tərəfindən qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir.

Məlumat verilib ki, ordumuz uğurlu əməliyyat nəticəsində Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləyib. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Əməliyyatın gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.

Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim strateji mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunun və qələbə əzminin bariz nümunəsidir.

A.Eyvazov çıxışının sonunda hərbi birliyin komandiri general-mayor Hikmət Həsənovun cəbhə bölgəsindən müraciətini diqqətə çatdırıb: “Hərbi birliyin şəxsi heyətinin amalı qələbə qazanmaq naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.