29
Sentyabr

29 Sentyabr

Yerli media

Evi dağılan Tərtər sakini: Dinc sakinlərin evlərini hədəfə almaq erməni xislətini açıq-aydın göstərir (Azərtac)

Sentyabrın 29-da Tərtərin Borsunlu kənd sakini 1958-ci il təvəllüdlü Əfqan Piriyevə məxsus ferma düşmənin hədəfi olub. Ferma mərmi atəşinə tutulub.

Tərtər şəhər sakinləri Qorxmaz Həsənovun, Etibar Pirməmmədovun, Əkbər Kərimovun, Mehman Xəlilovun, Zəkiyyə Abdullayevanın, Elxan Məmmədovun, Arif Fərəcovun, Əskipara kənd sakini Kəmaləddin Qafarovun, Səhləbad kənd sakini Zahid İbrahimovun, Azad Qaraqoyunlu kənd sakini Güləbətin Məmmədovanın həyətlərinə də mərmi düşüb, evlərə ciddi ziyan dəyib.

Tərtər şəhər sakini Etibar Pirməmmədov AZƏRTAC-ın cəbhə bölgəsində olan müxbirinə bildirib ki, hadisə baş verən an xoşbəxtlikdən evdə heç kim olmayıb: “İşimlə əlaqədar şəhərə getmişdim. Evdə də heç kim yox idi. Qayıdanda gördüm ki, həyətə atılan mərmi evimizi yararsız hala salıb. Düşmənin bu təxribatı biz sakinləri qorxutmur. Əsgərlərimiz onların layiqli cavabını verir. Dinc sakinlərin evlərini hədəfə almaq erməni xislətini açıq-aydın göstərir. Biz ordumuza inanır və Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik. İnşallah düşməni tezliklə torpaqlarımızdan qovub çıxaracağıq”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.