13
Oktyabr

13 Oktyabr

Orduya dəstək

Qusardan cəbhəyə sovqat göndərilir

Oktyabrın 13-də Qusardan sovqatla dolu növbəti avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb.

Beş yük avtomobilindən ibarət karvanla döyüşçülərimiz üçün isti geyimlər, tibb və təmizlik ləvazimatları və başqa zəruri vasitələr göndərilib.

Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov bildirib ki, ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır.

“Xalqımız ordumuzun yanındadır. İnanırıq ki, ordumuz bu döyüşdən qələbə ilə çıxacaq, işğal altında olan torpaqlarımız düşməndən tam azad ediləcəkdir”, - deyə C.Hörmətov söyləyib.

Cəbhə bölgəsinə göndərilən sovqatlar Qusar rayon sakinləri, yerli xeyriyyəçilər, həmçinin Rusiyada yaşayan həmvətənlərimiz tərəfindən toplanılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.