06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

Gürcüstan Müsəlmanları İdarəsi Azərbaycan Ordusuna dəstək nümayiş etdirib

Tbilisi Cümə məscidində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman əsgərlər üçün dualar oxunub, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Mərasimdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, Ruhanilər Heyətinin üzvü hacı Kamran Məmmədov, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri hacı İsak Novruzov və başqaları torpaqlarının azadlığı uğrunda əks-hücum əməliyyatı aparan Azərbaycan dövlətinin mövqeyini dəstəklədiklərini bildiriblər.

Qeyd olunub ki, 30 ilə yaxın bir vaxtda BMT-nin qətnamələrinə və bir çox mötəbər beynəlxalq təşkilatların bəyannamələrinə məhəl qoyulmur və torpaqlarının 20 faizi işğal altında və bir milyon qaçqını olan bir xalq, təbii ki, bu haqsızlıqla barışa bilməzdi. Bu gün dini, milli və irqi mənsubiyyətindən asılı olmayaraq hər bir kəs zülmə, terrora, zorakılığa qarşı çıxan, ərazilərini işğaldan azad edən bir dövləti, xalqı dəstəkləməlidir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.