06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasından hərbçilərimizə sovqat

Azərbaycan Ordusunun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza böyük fərəh hissi yaşadır. Vətəndaşlarımız hərbi hissələrə gedərək, əsgərlərimizi ziyarət edir, onlara sovqat aparır və mənəvi dəstək olurlar.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildiriblər ki, universitetin Ortopedik stomatologiya kafedrasının kollektivi də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizə baş çəkiblər. Əsgərlərimizə yardım məqsədilə topladıqları maddi vəsait hesabına aldıqları zəruri məişət ləvazimatlarını və isti geyimləri onlara pay veriblər.

“Ümid edirik ki, bizim də cəbhə bölgəsində düşmənlə vuruşan əsgərlərimizə kiçik də olsa, köməyimiz dəydi. İnanırıq ki, şanlı ordumuz bu mübarizədə qalib gələcək!”, - deyə ATU-nun Ortopedik stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.