03
Oktyabr

3 Oktyabr

Orduya dəstək

Muxtar respublika sakinlərindən ordumuza mənəvi dəstək

Ordumuzun uğurlu əks-hücum əməliyyatının davam etdiyi bir vaxtda xalqımız ordumuzla birlik nümayiş etdirir, yerli sakinlər əsgərlərimizə sovqat gətirir və mənəvi dəstək olurlar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, “Ləzzət” Qida Sənaye MMC və “Babək Sirab” ASC tərəfindən əsgərlərimiz üçün hərbi hissəyə sovqat olaraq müxtəlif adda şirniyyatlar və qablaşdırılmış sular təhvil verilib. Hərbçilər gətirilən sovqatlara və göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Şərur rayonunun Danyeri kənd sakinləri və Danyeri Yanacaq Doldurma Məntəqəsinin də kollektivi hərbi hissədə olub, şəxsi heyətə sovqat gətiriblər. Səmimi söhbət zamanı xalq-ordu birliyindən danışılıb, ordumuzun son günlərdəki uğurlu əks-hücum əməliyyatının xalqımıza sevinc hissi yaşatdığı qeyd olunub.

Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrinin, həmçinin Sirab, Zeynəddin və Qahab kəndlərinin sahibkarları da hərbi hissəyə sovqat gətiriblər. Rayon sahibkarları 260 kiloqram ət, 120 kiloqram kartof, 115 kiloqram meyvə, 40 kiloqram qatıq, mineral su, şirniyyat, lavaş və digər məhsulları əsgərlərə təhvil veriblər.

Ordubad Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti də hərbi hissədə olub, əsgərlərlə görüşüblər. 16 tondan artıq kələm, 6 ton kartof, 120 kiloqram ət, 300 kiloqramdan çox cəviz, şirniyyat və digər məhsullar sovqat kimi hərbi hissənin kollektivinə təhvil verilib.

Hərbçilər adından çıxış edənlər bildiriblər ki, gətirilən pay əsgərlərimizə göstərilən qayğını ifadə edir. Bu da hərbçilərimizdə ruh yüksəkliyi yaradır. Onlar bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Görüşlərdə çıxış edənlər Vətənin keşiyində hər zaman ayıq-sayıq dayanan, Vətənə layiqli xidmət edən hərbçilərimizə bu şərəfli işlərində uğurlar arzulayıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.