02
Oktyabr

2 Oktyabr

Orduya dəstək

Xalq, dövlət və ordu birliyinin gücü reklam lövhələrində

Azərbaycan xalqının mətin iradəsi, xalq, dövlət və ordu birliyinin gücü, eləcə də Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar açıq məkandakı reklam qurğularında nümayiş olunur.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ADRA-nın təşəbbüsü ilə yüzlərlə reklam lövhəsində belə qürurverici görüntülərin yayımı həyata keçirilir.

“Düşmənin məhv edilən döyüş texnikasını əks etdirən videolarla yanaşı, “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir!” və s. şüarları ilə yayımlanan plakatların hazırlanmasında və yayımlanmasında əməyi keçən hər bir şəxsə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi adından təşəkkürümüzü bildiririk,” – deyə məlumatda bildirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.