06
Oktyabr

6 Oktyabr

Orduya dəstək

Niderland azərbaycanlıları Ermənistanın hərbi təxribatına dair beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Niderland Krallığında yaşayan Azərbaycan icmasının üzvləri Benelüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində toplaşıblar.

Toplantıda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Azərbaycan Türk Kültür Dərnəyi, Covor Rusdilli Yəhudi İcmasının üzvləri iştirak ediblər.

Tədbirdə sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından və Azərbaycan Ordusunun şanlı qələbələrindən danışılıb. İştirakçılar ordumuza və dövlətimizin Dağlıq Qarabağ siyasətinə dəstəklərini bildiriblər. Soydaşlarımızın Niderland cəmiyyətini ölkəmizin reallıqlarına dair məlumatlandırmaq məqsədilə gördükləri işlər və görülməsi vacib olan məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Toplantıda erməni təxribatlarına dərhal son qoyulması və işğal olunan torpaqlardan erməni separatçılarının qeyd-şərtsiz çıxması tələbi qoyulan bəyanat hazırlanıb. Bəyanat beynəlxalq təşkilatlara, Avropa və Niderland parlamentlərinə, Niderlandın Xarici İşlər Nazirliyinə ünvanlanıb.

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini Cenevrə Konvensiyasının qərarları ilə istifadəsi qadağan olunmuş raketlərlə bombalanması sərt şəkildə pislənilib. Bildirilib ki, Ermənistanın mülki obyektləri və əhalini hədəf alması bütün hüquq normalarına ziddir.

Niderlandda yaşayan soydaşlarımız dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın təxribatçı hərəkətlərini pisləməyə, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin, Azərbaycanın ərazi bütövlüyünün bərqərar olması istiqamətində qətiyyətli addımlar atmağa səsləyiblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.