05
Oktyabr

5 Oktyabr

Orduya dəstək

Baş Prokurorluğun əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 280 min manat vəsait köçürüblər

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir.

Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun ən yüksək səviyyədə təchizatı təmin edilir.

Torpaqlarımızın işğaldan azad olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, vətənpərvərlik hissini daha da artırmışdır. Vətəndaşlarımız kütləvi könüllü yazılır, cəbhə üçün, qələbə üçün hər şey etməyə hazır olduqlarını bildirirlər.

Prokurorluq işçiləri fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

Cəbhədə qələbələrimizdən ruhlanan Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanlarının işçiləri həmrəylik nümayiş etdirərək könüllü olaraq 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəliblər.

Bu addım ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan prokurorluq orqanlarının əməkdaşları bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.