05
Oktyabr

5 Oktyabr

Orduya dəstək

Mədəniyyət Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 80 000 manat vəsait ayırıb

Mədəniyyət Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna Nazirliyin Mərkəzi Aparatının əməkdaşlarının könüllü iştirakı ilə 80 000 manat vəsait ayırıb.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.