02
Oktyabr

2 Oktyabr

Orduya dəstək

Xarici sularda üzən dənizçilər də Azərbaycanın haqq səsini dünyaya çatdırır

Xarici sularda üzən dənizçilər Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda davam edirlər. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üçrəngli bayrağımız altında xarici sularda istismar olunan gəmilərində üzən dənizçilər Azərbaycanın haqq işinə və Milli Ordumuzun qətiyyətli mübarizəsinə dəstək nümayiş etdiriblər.

ASCO-dan bildirilib ki, dənizçilər çalışdıqları gəmilərin göyərtəsində əllərində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini əks etdirən posterlə foto çəkdirib və bu fotoları #Karabakh #AllForKarabakh #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə paylaşıblar.

Vətəndən uzaqda çalışan dənizçilər bu yolla Ermənistanın yalanlarına və təcavüzkar siyasətinə qarşı çıxdıqlarını, Qarabağın Azərbaycana məxsus olduğunu diqqətə çatdırıblar. Bu təşəbbüsə ASCO-nun Xəzərdənkənar sularda fəaliyyət göstərən “Şair Vaqif”, “Şair Sabir”, “Natəvan”, “Hüseyn Cavid”, “Laçın”, "Gəncə" gəmiləri qoşulub.

Bir daha vurğulayaq ki, Azərbaycan dənizçiləri harada üzmələrindən asılı olmayaraq hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Fədakar dənizçilər Milli Ordumuzla fəxr edir, xalqımıza davamlı qələbə sevincləri arzulayırlar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.