Orduya dəstək
Moldovada yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək olublar
Moldovada yaşayan 50-yə yaxın soydaşımız Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə ölkəmizin Kişineudakı səfirliyinə toplaşaraq səfir Qüdsi Osmanovla görüş keçirib.
Həmvətənlərimizin səfirliyə toplaşmaqda əsas məqsədi sentyabrın 27-də cəbhədə Ermənistan təxribatı nəticəsində başlayan döyüşlərdə Azərbaycan Ordusuna dəstək ifadə etmək, habelə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə hazır olduqlarını bəyan etməkdir.
Görüşdə çıxış edən MAK-ın sədri Elçin Bayramov deyib ki, cəbhədə gedən döyüşlərlə bağlı narahatlığını və dəstəyini bildirmək üçün 500-dən çox azərbaycanlı müraciət edib, lakin pandemiya səbəbindən Moldova qanunvericiliyinə uyğun olaraq 50 nəfərin iştirakı razılaşdırılıb. Bundan əlavə, E.Bayramov Moldovada yaşayan azərbaycanlıların ordumuza dəstək göstərmək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti ilə yardım etməsinin qərara alındığını diqqətə çatdırıb.
Həmçinin görüşdə keçmiş sədr Mehman İsmayılov, diaspor fəallarından Maarif Rəhimov, Vaqif Bayramov, gənclərdən Mahizər Məmmədova və Zamir Qurbanov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan dövlətinin və xalqının maraqlarını qoruyan, mənafeyinə xidmət edən, eləcə də ərazi bütövlüyü uğrunda apardığı hərtərəfli və düşünülmüş siyasətini dəstəklədiklərini bildiriblər.
Səfir Q.Osmanov çıxışında vətənpərvər soydaşlarımıza ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə diqqət və dəstək göstərdikləri üçün təşəkkürünü bildirib, Azərbaycanın kifayət qədər güclü və döyüşkən ordusunun olduğunu, bunun üçün əlavə dəstəyə ehtiyacın olmadığını vurğulayıb. Eyni zamanda, səfir Q.Osmanov Moldovadakı səfirliyin azərbaycanlılar üçün doğma yurd olduğunu, onların müraciət və təkliflərinin hər zaman qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, həmvətənlərimiz mübarizələrini öz savad, bilik və bacarıqları ilə məhz Moldovada davam etdirməlidirlər. Diplomat, Moldovada ermənilərin istər siyasi, istərsə də digər sahələrdə yüksək təsir imkanlarına malik olduqlarını nəzərə alaraq, azərbaycanlıları MAK ətrafında sıx birləşməyə çağırıb.
Sonda görüş iştirakçıları səfirə təşəkkürlərini bildirib, azərbaycanlıların bu ölkədə təşkilatlanması istiqamətində səylərini gücləndirəcəklərini qeyd ediblər.