Orduya dəstək
İğdırda Azərbaycana dəstək yürüşü keçirilib
Ermənistanın ölkəmizə qarşı hərbi hücumları davam etdirməsi, düşmən ordunun Azərbaycanda dinc əhalini, yaşayış evlərini və mülki obyektləri davamlı atəşə tutması Türkiyə ictimaiyyətinin hiddətinə səbəb olub.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi hazırda Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək üçün başladığı hərəkata dəstək məqsədilə yürüş-mitinq təşkil edib.
İğdırın mərkəzində keçirilən aksiya adıçəkilən dərnəyin sədri Ziya Zakir Acarın rəhbərlik etdiyi təşkilatın bəyanatını oxuması ilə başa çatıb. Bəyanatda əminliklə ifadə olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin işğalçı orduya qarşı başladığı cavab tədbirləri hüquqi və mənəvi baxımdan Azərbaycanın haqq işidir. Müzəffər ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad edərək tezliklə zəfər qazanacaqdır. Hər bir türkiyəli müsəlləh əsgər kimi Azərbaycanın yanındadır.
Mitinqdə iştirak edən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib ki, Azərbaycanın işğal altındakı torpaqlarının düşməndən azad edilməsi Türkiyə əhalisinin, xüsusilə də qardaş ölkənin vətəndaşları olan Azərbaycan əsilli insanların ən böyük arzusudur. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasa, gələcək nəsillər bizi bağışlamaz.