02
Oktyabr

2 Oktyabr

Orduya dəstək

YAP üzvləri Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb

Yeni Azərbaycan Partiyasının üzvləri Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Bu barədə Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

Hüseyn Paşayev Yeni Azərbaycan Partiyasının bu vətənpərvər aksiyası barədə danışarkən qeyd edib ki, Azərbaycan Ordusu doğma Qarabağın işğaldan azad olunması istiqamətində rəşadətli döyüşlər aparır. O deyib: “Yaxın zamanlarda qəhrəman əsgərlərimizin torpaqlarımızın işğaldan təmizlənməsi sevincini bütün xalqımıza ərməğan edəcəyinə dərindən inanırıq. Azərbaycan Ordusunun gücü Ali Baş Komandanın müdrikliyində və iradəsində, əsgərlərimizin qəhrəmanlığında və yüksək döyüş ruhunda olduğu kimi, həm də xalqın sarsılmaz dəstəyindədir. Bu gün hamı Ordumuzla birdir, bir yerdədir, hər addımda ona mənəvi dəstəyini ifadə edir. Yeni Azərbaycan Partiyasının üzvləri də xalqımızın Ordumuza hərtərəfli dəstəyinə qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürməyi qərara alıb. Azərbaycan Ordusu dünyanın ən təminatlı, ən yaxşı silahlanmış orduları sırasındadır. Dövlətimizin iqtisadi qüdrəti Ordumuzun təminatını ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. İnsanlarımızın hazırda geniş vüsət alan Silahlı Qüvvələrə dəstək hərəkatı Ordu ilə xalqın birliyinin ifadəsi, əsgərimizə mənəvi dəstək nümunəsidir.

Qarabağ Azərbaycandır!

Qələbə də Azərbaycanın olacaq!”

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.