02
Noyabr

2 Noyabr

Yerli media

Ekspert: "Rusiya Qarabağda Ermənistan üçün vuruşmağa boyun olmayıb" (Report)

"Vəziyyət necə dəyişirsə-dəyişsin, Rusiya Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıb".

Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

“Siyasətdə liderlər arasındakı şəxsi münasibətlər dövlətlərarası səviyyədə belə mühüm rol oynayır. Paşinyanın əməllərini yaxşı xatırlayırıq və bu, xəyanət kimi də səciyyələndirilə bilər. KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlamaq həmin təşkilatın nüfuzuna zərbə oldu. Y.Xaçaturovun istefasından sonra da Belarus nümayəndəsinin o vəzifəyə təyinatını əngəlləyərək KTMT-nin fəaliyyətini iflic etdilər. Nəhayət, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə Paşinyanın şəxsi himayəçiliyi ilə təyin olunan 29 yaşlı Argişti Kərəmyan Soros Fonduna yaxın GHT-lərdə yetişib. Beləliklə, Paşinyan Rusiyanın mövqeyini məqsədyönlü şəkildə qulağardına vurub”, – rusiyalı ekspert vurğulayıb.

O deyib: "İndi Ermənistanda rusiyapərəst rəhbər iş başında olsaydı, nələr baş verəcəyini demək çətindir. Amma Paşinyanın Rusiya üçün müttəfiq olaraq görünmədiyi şəksizdir. Təbii ki, Ermənistan hər hansı təcavüzə məruz qalsa, müvafiq hüquqi öhdəliklər yerinə yetiriləcək. Amma Rusiya hər halda Qarabağda Ermənistan üçün vuruşmağa heç vaxt boyun olmayıb, bunun üçün hər hansı hüquqi əsas da yoxdur. Putin ilk ixtisasına görə hüquqşünasdır və bu cür hüquqi təfərrüatlara böyük əhəmiyyət verir. Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir, döyüşlər də Qarabağda aparılır. Biz beynəlxalq hüquqa hörmət edirik. Rusiya Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıb”.

Xatırladaq ki, oktyabrın 31-də Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək onlara hərbi yardım göstərməyə dair təcili məsləhətləşmələrə başlamağı xahiş edib. Kremlin rəva görmədiyi cavabı Ermənistan baş nazirinə RF Xarici İşlər Nazirliyi verib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.