Xarici media
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aralıq hesabatı ilə bağlı Monteneqronun geniş oxucu kütləsinə malik crnogorskiportal.me, skalaradio.com və bosnjaci.net portallarında məqalələr dərc edilib.
Məqalələrdə hesabatın sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yeni mövqelər ələ keçirmək məqsədilə mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan müxtəlif dağıntılar və insan tələfatı ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən həyata keçirilən faktaraşdırıcı monitorinqə, toplanan faktlara, Baş Prokurorluqdan alınan məlumatlara, KİV-lərdəki yoxlanılmış xəbərlərə və real vəziyyətin təhlilinə əsaslandığı bildirilir.
Qeyd olunub ki, hesabat Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Məqalələrdə hesabata istinadən bildirilir ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarının kobud şəkildə pozulmasıdır.
Hesabatın Ermənistanın həmin hərəkətlərinə insan hüquqları və humanitar hüququn konkret müddəaları timsalında hüquqi qiymət verilməsini özündə ehtiva edən sonuncu bölümünə də məqalələrdə geniş yer ayrılıb.