Xarici media
Qazaxıstanın kütləvi informasiya vasitələrində Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumları barədə məlumatlar dərc edilib.
Ölkənin “newsroom.kz” “zakon.kz” “ainews.kz”, “qamshy.kz” “adyrna.kz” , “abai.kz”, ”regtv.kz”, “qazaqtimes.kz”, “kursiv.kz”, “mail.kz”, “ea-news.kz” xəbər portallarında yayılan informasiyalarda Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki yaşayış binasını gecə saatlarında raket hücumuna məruz qoyduğu bildirilir.
Qeyd olunur ki, humanitar atəşkəs haqqında razılaşmanın əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılaşmanı kobudcasına pozmaqda davam edir.
Məqalələrdə atəşkəs rejimi qüvvəyə mindikdən dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonlarının artilleriya atəşinə tutulduğu diqqətə çatdırılıb. Bildirilib ki, bir neçə saat sonra Ermənistan silahlı qüvvələri Hadrut və Cəbrayıl istiqamətində hücuma cəhd göstəriblər.
Həmçinin vurğulanıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Gəncənin raket atəşinə tutulması ilə əlaqədar cinayət işi başlanıb.