12
Oktyabr

12 Oktyabr

Xarici media

Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqronun “Tv7” kanalına müsahibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq ordumuzun əks-həmlə əməliyyatından sonra yaranan vəziyyətlə bağlı ətraflı məlumat verib.

S.Mirzəzadə əks-hücum əməliyyatının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində - Ermənistanın otuz ilə yaxındır işğal altında saxladığı ərazilərimizdə həyata keçirildiyini, Azərbaycanın tarixi, əzəli torpaqlarını işğaldan azad etmək hüququndan istifadə etdiyini bildirib. Həmçinin Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirmədiyini, beynəlxalq ictimaiyyətin də bu haqsızlıqlara illərdir göz yumduğunu, ikili standartlardan çıxış etdiyi diqqətə çatdırılıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyindən daha da ruhlanaraq, yeni ərazi iddiaları ilə çıxış etməsinin, işğal altındakı torpaqlarımızda möhkəmlənməyə cəhd göstərməsinin, mülki əhalini mütəmadi olaraq atəş altında saxlamasının qəbuledilməz olduğu vurğulayıb.

S.Mirzəzadə Azərbaycan dövlətinin bütün bu iddialara tutarlı cavab vermək və ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazır və qadir olduğunu, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatının və aqressiv ritorikasının ona və erməni xalqına baha başa gələcəyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan xalqı səmərəsiz danışıqlardan yorulub və tarixi haqsızlığı aradan qaldırmaq üçün torpaqlarının müdafiəsinə qalxaraq, Azərbaycan Prezidentinin ətrafında yumruq kimi birləşib.

Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru döyüş meydanında böyük itkilərlə üzləşən Ermənistan silahlı qüvvələrinin dinc əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, insan hüquqlarını kobud şəkildə pozduğunu vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.