12
Oktyabr

12 Oktyabr

Xarici media

Almaniyanın nüfuzlu “Bild” nəşrində bu gün “Atəşkəsin ilk günü qanlı qırğına çevrildi” sərlövhəli material dərc edilib.

Müəllifi jurnalist Pol Rontshaymer olan bu materialda oktyabrın 10-dan 11-nə keçən gecə dinc Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından danışılır, hücumdan zərər çəkən uşaqların, qadınların, dağıdılmış binaların fotoşəkilləri təqdim edilir. Hücum nəticəsində həlak olanların və yaralananların ümumi sayı təqribən 40 nəfər olub.

Müəllif yazır ki, atəşkəsə olan ümidlər özünü doğrultmadı. Erməni ordusunun hücumu, görünür, əvvəlcədən planlaşdırılmışdı.

Jurnalist xüsusilə qeyd edir ki, gecəni keçirdiyi Xankəndidə sakitlik idi. “Lakin əhalisinin sayına görə (330 min) Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə ziyan çəkdi. Təqribən gecə saat 2 radələrində şəhərin şimal-şərqində güclü partlayış oldu. Şahidlərin dediyinə görə, partlayışdan sonra səmada nəhəng iz qalıb. Səhər fəlakətin miqyası araşdırılıb. Əvvəllər bir neçə binanın olduğu yerdə nəhəng çuxur əmələ gəlmişdi. Partlayış nəticəsində azı 9 dinc sakin həlak olub, 33 nəfər, o cümlədən xeyli uşaq yaralanıb”, - deyə Rontshaymer yazır.

Raket texnologiyaları üzrə almaniyalı ekspert Fabian Hints raketin düşdüyü yerin təsvirini “Bild” üçün təhlil edib. O deyib: “Bu, ballistik raket idi. Gəncə erməni reaktiv artilleriyasının vura biləcəyi hüdudda yerləşir. Ziyan o dərəcədə böyükdür ki, bu, yəqin, iriçaplı raket olub”.

Müəllif yazır ki, F.Hints raketin Ermənistan cəbhə xəttinin azı 60 kilometrliyində yerləşən ərazisindən buraxılmasına əmindir. “Ballistik raketlər olduqca böyük dağıdıcı təsirə malikdir. Bu raketlərdən həqiqətən əhalinin sıx yaşadığı ərazilərə qarşı istifadə etmək mümkündür”, - deyə Rontshaymer Hintsin fikrindən sitat gətirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.