12
Oktyabr

12 Oktyabr

Xarici media

Azərbaycan beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırır.

Misirin “Aldiplomasy” nəşri bu sərlövhə ilə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını yayıb.

Xəbərdə qeyd olunur ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərib. Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb. Bundan başqa, oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 9 mülki şəxs həlak olub, aralarında azyaşlılar olmaqla 34 nəfər yaralanıb.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.