Xarici media
Türkiyənin kütləvi informasiya vasitələri (KİV) oktyabrın 19-da səhər saatlarından başlayaraq ölkə ictimaiyyətinə çatdırdığı mühüm xəbərlər sırasında yenə də Azərbaycan Ordusunun rəşadətli uğurlarına geniş yer ayırıb.
Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” hesabında paylaşdığı “Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!” məzmunlu məlumat Türkiyə mediasında sürətlə yayılıb. Ordumuzun zəfər xəbərləri qardaş ölkədə böyük sevinclə qarşılanır.
Xəbərlərdə yazılır ki, təcavüzkar Ermənistanın Azərbaycanın böyük şəhərləri də daxil olmaqla, mülki yaşayış yerlərini atəşə tutması, dinc əhalinin hədəfə alınması düşmənin riyakarlığını və amansızlığını göstərir. Xalqlarımıza qarşı yönələn əsasız erməni düşmənçiliyi hələ də davam etməkdədir.