05
Oktyabr

5 Oktyabr

Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevə məktublar gəlməyə davam edir.

Məktublardan bir neçəsini təqdim edirik:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə Ordumuzun uğurla irəliləməsi, yeni-yeni bölgələrimizi düşməndən təmizləməsi ilə bağlı Sizə minnətdarlığımı bildirirəm. Bu məhz Sizin sayənizdə mümkün olur.

Qürurla bildirirəm ki, bir vətəndaş kimi dövlətim və Vətənim qarşısında müqəddəs borcumu yerinə yetirməyə hər zaman hazıram və könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmişəm. Lakin ahıl yaşımla əlaqədar olaraq döyüşlərə aparmırlar.

Cənab Ali Baş Komandan, Sizdən xahiş edirəm, göstəriş verin ki, məni də Orduya qəbul etsinlər. Hər zaman Sizin yanınızdayıq, hər an döyüşə hazırıq. Hər şey üçün Sizə minnətdaram. Yaşasın müzəffər Ordumuz!

Hörmətlə,

Səfixanov Fazil Əziz oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri”.


“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

İyirmi yeddi ildən sonra doğma Cəbrayılımızın erməni tapdağından azad edilməsi sevincini bizə bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz cəbrayıllılar Sizin uzaqgörən siyasətinizi dəstəkləyirik. Verdiyiniz qərarlar və qətiyyətli mövqeyinizlə bizi qələbədən qələbəyə aparırsınız.

İnanırıq ki, Sizin rəhbərliyinizlə Ordumuz yeni-yeni zəfərlər qazanacaq.

Hörmətli Ali Baş Komandan, biz cəbrayıllılar daim Sizin əmrinizi gözləyir, ölkəmiz uğrunda döyüşməyə hər an hazır olduğumuzu bildiririk. Yaşasın müstəqil Azərbaycan!

Hörmətlə,

Musayev Rauf Musa oğlu

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi”.


“Möhtərəm cənab Prezident.

Sizin siyasətiniz nəticəsində doğma torpağımız – Cəbrayılımız erməni işğalçılarından azad edildi. Sizə ailəmiz, Quycaq kənd camaatı, bütün cəbrayılllılar adından dərin təşəkkürümü bildirirəm.

27 ildir ki, düşmən tapdağı altında qalan doğma yurd yerimizə yenidən gedəcəyimiz, cənnətməkan torpağının havasını udacağımız, o buz kimi bulaqların suyundan yenidən dadacağımız günü səbirsizliklə gözləyirik.

Bu gün Siz bizə yeni nəfəs, yeni ruh bəxş etdiniz.

Biz Sizinlə və bütün hərbçilərimizlə fəxr edirik, qürur duyuruq.

Allah Sizi və bütün hərbçilərimizi qorusun.

Hörmətlə,

Maxsudova Gültəkin Sayez qızı

Cəbrayıl rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.


“Hörmətli cənab Ali Baş Komandan.

Yaşadığımız tarixi günlərdən son dərəcə ilhamlanaraq, mən də bir məktəbli kimi Sizə məktub yazmağı özümə borc bildim.

Cəbrayıl şəhərinin işğaldan azad olunması xəbəri hamımızda böyük sevincə səbəb oldu. Nəzərinizə çatdırmaq istərdim ki, Ermənistanın səngiməyən təxribatları Gəncə şəhərində heç bir narahatlıq yaratmır, əksinə, hər kəsdə mübarizə ruhu vardır. Sizin sayənizdə Azərbaycan dünyada öz sözünü deyə biləcək qüdrətli dövlətə çevrilib. Sizin bütün təşəbbüslərinizi dəstəkləyirik və gələcəkdə də daim dəstəkləyəcəyik.

Artıq haqqın zamanı çatıb. Rəşadətli Azərbaycan Ordusu haqqın, ədalətin mücahidlərinə çevrilib. Qarabağ artıq onların həyat amalıdır. Təbiidir ki, Ermənistanın muzdlu döyüşçüləri Vətən həsrəti ilə alışıb-yanan Azərbaycan əsgərini məğlub etməyə qadir deyildir. Minlərlə şəhidlərimizin qanı yerdə qalmamalıdır. Şəhid anasının göz yaşları hədər olmamalıdır. Yalnız uğrunda şəhidlik zirvəsinə ucaldıqları torpaqlar qaytarıldıqdan sonra onların ruhu rahatlığa qovuşacaqdır.

Qardaş Türkiyə və Pakistan dövlətləri və xalqı mənəvi dəstək yerimiz oldu. Onlara da təşəkkürlərim sonsuzdur.

Sizə ailəmiz adından minnətdarıq ki, bizim Prezidentimizsiniz. Uğurlarımız və zəfərlərimiz daimidir. Azərbaycan Ordusu həmişə müzəffərdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.

Hörmətlə,

Rzazadə Qənirə Qabil qızı

32 saylı tam orta məktəbin 10-cu sinif şagirdi

Azərbaycan Respublikası, Gəncə şəhəri”.


“Hörmətli cənab Prezident.

Allah Sizdən razı olsun. Allah bizi dəstəkləyən ölkələrin, Rəcəb Tayyib Ərdoğan cənabları kimi saleh dostlarımızın sayını artırsın.

Siz bu günlərdə xalqımızın Sizə olan etimadını bir daha doğrulutdunuz. Bir şəhid övladı olaraq torpaqlarımızın erməni işğalından azad olunmasında göstərdiyiniz qətiyyətli mövqeyinizi dəstəkləyir və bu yolda yürütdüyünüz siyasət uğruna canımı fəda etməyə hazır olduğumu bildirirəm.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Vüsal Musalı

Kəlbəcər rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Gəncə şəhəri”.


“Hörmətli cənab Prezident.

Torpaqlarımızın işğaldan azad edilməsini çoxdan gözləyirdik. Təhsil işçisi olaraq, əminliklə deyə bilərəm ki, məhz Sizin uğurlu siyasətiniz nəticəsində biz artıq Qələbənin astanasındayıq. Bunun üçün Sizə və şanlı Ordumuza minnətdaram. Düşmən üzərində qazanılan zəfərlərə görə Sizi və xalqımızı təbrik edirəm.

Var olsun yenilməz Azərbaycan Ordusu və cənab Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məclumova Gülnarə Ağayar qızı

Azərbaycan Respublikası, Quba şəhəri”.


“Rəşadətli, möhtərəm Ali Baş Komandanımız.

Fenomenal rəhbərliyinizlə yeni-yeni ərazilərimizin düşmənlərdən azad edilməsi və qürurverici qələbələrimiz münasibətilə Sizi təbrik edirik. Yaxın zamanlarda tam qələbəmizi bayram edəcəyimizə əminik. Hər birimiz, bütün xalq Sizinlədir. Vətənimizin düşməndən azad edilməsi naminə son damla qanımızadək vuruşmağa hazırıq və bunun üçün könüllü olaraq müraciət etmişik.

Möhtərəm Prezidentimiz, Siz mahir Lider kimi, dövlətimizin-xalqımızın tarixinə şərəfli səhifələr yazmısınız. Rəşadətli rəhbərliyinizlə apardığınız bu şərəfli müharibə həm Vətən torpaqlarımızı düşməndən azad edəcək, həm də son 200 ildə mənfur qonşumuz ermənilərin bizə etdiklərinə, onların işğalçılıq siyasətinə və hərəkətlərinə layiqli tarixi cavab olacaq.

Mövcud qlobal, sosial-siyasi çətinliklər mühitində, haqq işi uğrunda mübarizədə Sizə yeni uğurlar diləyirik, əziz Liderimiz.

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir! Biz öz rəhbərimizə dərindən inanırıq, güvənirik, daim Sizinləyik.

Sizinlə və şücaətli Ordumuzla fəxr edirik.

Hörmətlə,

Əmirov Sənan Rəşid oğlu

Azərbaycan Respublikası, Laçın rayonu, Minikənd kəndi”.


“Cənab Prezidentim.

Bərdə rayon Alpout kənd tam orta məktəbinin kollektivi adından yazaraq bildirirk ki, bu şərəfli zəfər yolunda daim Sizin yanınızdayıq və hər zaman Sizi dəstəkləyirik.

Uca Yaradan Sizi, Ordumuzu, xalqımızı qorusun.

Azərbaycan xoşbəxt ölkədir ki, güclü ordusu və onun başında duran uzaqgörən Ali Baş Komandanı var.

Əziz Prezidentimiz, arzumuz, amalımız Sizinlə, Ordumuzla irəli, qələbəyə doğru getməkdir. İnanırıq ki, Sizin və məğrur Ordumuzun sayəsində işğal olunmuş torpaqlarımız tezliklə qaytarılacaq, üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.

Hörmətlə,

Sevinc Bahadurlu

Azərbaycan Respublikası, Bərdə rayonu, Gərənə kəndi”.


“Çox hörmətli cənab Prezident.

Biz Tovuz rayonunun çoxsaylı gəncləri Qarabağın düşməndən azad olunması barədə şanlı Ordumuza, qəhrəman əsgərlərimizə Sizin verdiyiniz əks-hücum əmrini ürəkdən bəyənir, dəstəkləyirik və mənfur düşmənə qarşı mübarizədə bizim hər birimiz əsgəriniz olaraq döyüşlərə qatılmağa hazırıq.

Cənab Ali Baş Komandan, artıq 30 ilə yaxındır ki, düşmən tapdağında olan Qarabağımızın Sizin dönməz siyasətiniz, mətin iradəniz və Ali rəhbərliyinizlə azad olunmasında biz Tovuz gəncləri olaraq iştirak etməyə hazırıq. Ordumuza uğurlar arzulayırıq.

Hörmətlə,

Qələndərov Ramin Ramiz oğlu

Azərbaycan Respublikası, Tovuz rayonu”.


“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə ordumuzun torpaqlarımızın işğaldan azadlığı uğrunda apardığı mübarizədə hər gün eşitdiyimiz yeni zəfər, yeni uğur, yeni qələbə sevincini Uca Allahın yardımı ilə xalqımıza bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildirir, qələbələr münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Bu zəfərin əldə edilməsi Sizin ağıllı və savadlı siyasətinizin, müdrik uzaqgörənliyinizin bariz nümunəsidir. Haqq yolunda aparılan mübarizəmizdə Ali Baş Komandan olaraq Sizə güvənirik.

Bu günlərdə yaşadığımız zəfər coşqusu bizlərə hər an sevinc göz yaşları, sevincdən doğan qəhər bəxş edir. Bu məktubu yazarkən belə, ardı-arası kəsilməyən, sevincli zəfər xəbərləri eşidirəm.

Bir Vətən övladı olaraq azadlıq uğrunda canımdan, qanımdan keçmək üçün səbrsizliklə əmrinizi gözləyirəm. Allah Sizi var etsin, daim qorusun.

Biz Sizinləyik, yanınızdayıq. Bir Vətənimiz var - Azərbaycan. Bir şüarımız var - Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elvin Quliyev

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sərxanlı kəndi”.


“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bu günlər hamımızın qəlbi qürurla doludur. Mən də keçirdiyim sevinc hisslərini sözlə ifadə edə bilmirəm, fərəhdən göz yaşlarımı saxlaya bilmədim.

Siz bizim müdrik, uzaqgörən Liderimizsiniz. Xalq həmişə olduğu kimi ətrafınızda sıx birləşərək Sizə güvənir. Zəfər bizimdir.

Cənab, Ali Baş Komandan, Sizin komandanlığınızla şanlı ordumuz müqəddəs üçrəngli bayrağımızı, İnşallah, Qarabağda dalğalandıracaqdır. Ordumuzun zəfərinə çox sevinirik. Bu qələbə əzmini, zəfər sevincini bizə yaşatdığınız üçün Sizə dərin təşəkkür edirik.

Sizə, Azərbaycana, şanlı ordumuza daha böyük uğurlar, zəfərlər arzulayıram. Allah Sizə yar olsun. Allah Sizi, xalqımızı, ordumuzu qorusun.

Hörmətlə,

Xanaliyev Samir Vaqif oğlu

Azərbaycan Respublikası, Şamaxı rayonu”.


“Möhtərəm və əziz Prezident.

Son günlər Azərbaycan Silahlı Qüvvələri qazandığı böyük uğurlarla xalqımızı sevindirir. Dünyadakı bütün azərbaycanlılar Sizin rəhbərliyinizlə ordumuzun bütün torpaqlarımızı işğaldan tam olaraq azad edəcəyinə inanırıq. Bu müqəddəs yolda zəfərin müjdəçisi olan şanlı Ordumuza uğur arzulayırıq.

Allah Sizə uzun ömür, cansağlığı versin. Biz hər an Sizinləyik. Allah Sizi qorusun.

Hörmətlə,

Samir Rəhimov

Azərbaycan Respublikası, Zaqatala şəhəri”.


“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin qətiyyətli, müdrik və cəsarətli siyasətiniz Azərbaycan xalqını hər zaman uğurlu gələcəyə, parlaq qələbəyə doğru aparıb. Biz qazaxlı gənclər olaraq Sizin və Ordumuzun ətrafında sıx birləşmişik, xalqımızın işıqlı gələcəyi naminə atdığınız hər bir addımı dəstəkləyirik. Biz Sizin rəhbərliyinizlə əzəli və tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağın, o cümlədən, ətraf 7 rayonun birmənalı olaraq düşmən tapdağından azad edilməsi müjdəsini səbirsizliklə gözləyirik.

Cənab Ali Baş Komandan, Siz müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpaqlarımız olan Dağlıq Qarabağı işğaldan azad edən sərkərdə kimi tarixdə qalacaqsınız. Əminik ki, gələcək nəsillər ən yeni tarix dərsliyində bu ifadə ilə qarşılaşacaqlar. Bu tarixi anları Azərbaycan gəncliyinə yaşatdığınız üçün Sizə minnətdarıq. Biz Sizinlə fəxr edirik. Uca Tanrı Sizi qorusun.

Dərin hörmətlə,

Ülvi Zeynalov

Azərbaycan Respublikası, Qazax rayonu”.


“Möhtərəm cənab Prezident.

Bu günlərdə Qarabağ uğrunda gedən mübarizədə Sizinləyik. Bildirmək istəyirəm ki, Sizin yürütdüyünüz siyasəti, atdığınız hər bir addımı tam dəstəkləyirik.

Cənab Ali Baş Komandan, Ordumuz Sizin siyasi iradənizdən, millətə olan sevginizdən güc alaraq, böyük ruh yüksəkliyi ilə uğurlu əməliyyatlar həyata keçirir, zəfərlər qazanır. İnanıram ki, bu qələbələr davamlı olacaq, bizə məxsus torpaqlardan sonuncu erməni əsgəri çıxanadək mübarizəmizi davam etdirəcəyik.

Atdığınız hər bir addıma, qazandığınız hər bir uğura görə Sizə minnətdaram.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyev Xalid Xanlar oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Suqovuşan kəndi”.


“Cənab Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Ordumuz 30 illik işğala son qoyaraq, Azərbaycan torpaqlarını xain düşmənlərdən azad edir. İgid əsgərlərimiz yeni tarix yazırlar.

Bu gün bütün xalq bir yumruq kimi Sizin ətrafınızda cəmləşib, Sizinlə fəxr edir. Yürütdüyunüz məqsədyönlü siyasəti dəstəkləyir, atdığınız hər bir addımı təqdirəlayiq sayırıq. İnşallah, yaxın günlərdə Azərbaycanın üçrəngli bayrağı azad olunan rayon və kəndlərimizdə dalğalanacaq.

Mən öz adımdan və ailəm adından Sizə çox-çox minnətdaram. Hər zaman Sizin yanınızdayıq.

Allah Sizə uzun ömür, cansağlığı versin.

Hörmətlə,

Cavadov Qivami Yadulla oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.


“Hörmətli cənab Prezidentim.

Bir həftədir ordumuzun zəfər yürüşü ilə torpaqlarımızı 30 ildir işğalda saxlayan, tərəfdaşları ilə yalançı sülh danışıqları vasitəsilə vaxtı uzadan, ancaq heç vaxt, heç bir şərt müqabilində torpaqlarımızı qaytarmağı ağlından belə keçirməyən, çox hiyləgər, işğalçı, mənfur ermənilərdən azad etməsi ürəyimizi fəxarət hissilə döyündürür. Sanki yenidən doğuluruq, keçirdiyimiz bütün ağrı-acılar unudulur, uçmaq üçün qanad istəyirik. İnanırıq ki, bu zəfər yürüşü axıradək davam edəcək. Sizin çıxışlarınız, onlara və havadarlarına verdiyiniz haqlı, məntiqi və sərt cavablar bizləri buna bir daha inandırır. İnanın ki, bütün millətimiz böyük ruh yüksəkliyi içindədir, heç bir çətinliklər, gələcək məhrumiyyətlər millətimizin bu ruhununu sarsıda bilməz. Millətimiz ömrü boyu Sizə minnətdar olacaq. Sizin rəhbərliyinizlə şanlı Azərbaycan ordusuna, millətimizə qalibiyyət diləyirik. Üçrəngli bayraqlarımızın işğal olunmuş bütün rayonlarımızda, kəndlərimizdə dalğalanmağına böyük inam hissi ilə yaşayırıq.

Hörmətlə,

David Nəsibov

AzTU-nun dosenti

Azərbaycan Respublikası, Bakı şəhəri”.


“Hörmətli cənab Prezidentim.

Mənim 9 yaşım var. Şəki şəhəri 11 saylı orta məktəbin 4a sinif şagirdiyəm. 5 yaşımdan şahmatla məşğul oluram. 9 yaşım olmağına baxmayaraq şanlı bayrağımızı 4 dəfə dünya və Avropa çempionatlarında yüksək zirvələrə qaldırmışam.

Hal-hazırda Qarabağda başlayan zəfər dolu yürüşlərimizi mən və ailəm hər gün sevinc dolu göz yaşlarımızla izləyirik. İnşallah, gözəl bayrağımız qısa müddət ərzində Qarabağımızda və işğalda olan 7 rayonumuzda dalğalanacaqdır. Buna tam inamım var.

Bu gün atamın 34 yaşı olur. Suqovuşanın işğaldan azad olunması atam üçün ən böyük hədiyyə oldu. Buna görə Sizə və bütün hərbçilərimizə təşəkkür edirik.

Biz idmançılar bu haqlı mübarizəmizdə Sizinləyik. Qarabağ Azərbaycandır!

Əminik ki, Sizin komandanlığınızla torpaqlarımıza qayıdacağıq.

Hörmətlə,

Kərimli Yusif Elşad oğlu

Azərbaycan Respublikası, Şəki şəhəri”.


“Hörmətli cənab Prezident.

Cəbhədəki uğurlarımız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə bu şərəfli və haqq yolunda daha böyük uğurlar qazanmağı arzu edirəm.

Siz bizim güc və qürur mənbəyimizsiniz. Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir ki, bu gün qüdrətli Azərbaycan Ordusu öz vəzifəsini çox ləyaqətlə icra edir.

Azərbaycan xalqı Sizinlə fəxr edir və Sizin arxanızdadır.

İşğal altında olan torpaqların azad edilməsi ilə Azərbaycan Respublikasının Milli Məclisindən xahiş edərdim ki, Sizə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin.

Bir daha Sizi və xalqımızı təbrik edirəm.

Hörmətlə,

Nəsirov Akif Ağababa oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladi kəndi”.


“Hörmətli cənab Prezident.

Əvvəlcə onu qeyd edim ki, mən bir Azərbaycan vətəndaşı kimi Sizinlə fəxr edirəm. Bu gün mənim doğum günümdür. Mənə ən böyük hədiyyəni Siz verdiniz – Cəbrayıl şəhərini azad etdiniz. Buna görə Sizə və Ordumuza minnətdaram.

Biz Sizin uğurlu daxili və xarici siyasətinizi həmişə dəstəkləmişik. Azərbaycan xalqı hər zaman Sizinlədir. Tezliklə Sizdən növbəti şad xəbərləri gözləyirik.

Yaşasın Azərbaycan, var olsun Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan xalqı!

Hörmətlə,

Quliyev Anar Vəli oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.


“Hörmətli cənab Prezident.

Ordumuzun erməni faşistlərinə qarşı apardığı uğurlu əməliyyatlara, gözəl çıxışlarınıza görə Sizə minnətdaram.

Biz deyəsən, uzun bir yolun sonuna gəlib çıxmışıq. Ötən illər ərzində ordu quruculuğu işlərinin mükəmməl təşkili və Sizin qətiyyətli mövqeyiniz bizə Qarabağı bəxş etməkdədir. İnşallah, gözəl üçrəngli bayrağımız Şuşada dalğalanacaqdır. Allah Sizi qorusun.

Hörmətlə,

Abbasov Rövşən Fəxrəddin oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri”.


“Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Sizi, Mehriban xanım Əliyevanı və dünya azərbaycanlılarını tarixi torpaqlarımızın - Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların düşmən tapdağından azad olunması münasibətilə təbrik edirəm.

Sizə bütün Azərbaycan xalqının vahid Lideri və Ali Baş Komandanı kimi bu müqəddəs və haqq işində bizlərə bəxş etdiyiniz qələbələr üçün sonsuz təşəkkürümü bildirirəm.

Sizin siyasətiniz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamı və Azərbaycanı işıqlı gələcəyə aparacaq yeganə siyasətdir.

Hörmətlə,

Hüseynov Əlirza Rza oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi”.


“Cənab Ali Baş Komandan.

27 sentyabr tarixindən Sizin komandanlığınızla əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində qazandığımız qələbələr bir vətəndaş olaraq hamımızı qürurlandırır və Sizin ətrafınızda daha sıx birləşməyə, çalışdığımız sahə üzrə fəaliyyətimizdə daha diqqətli və dəqiq işləməyə ruhlandırmışdır.

Sizə gecəli-gündüzlü çəkdiyiniz bu əziyyətlərdə uca Allahdan cansağlığı, səbr diləyirik. Sizin komandan kimi apardığınız taktiki gedişlərdə qüsursuz vətəndaş kimi hər zaman Sizin ətrafınızda sıx birləşmişik. Hər hansı bir əmrinizi yerinə yetirməyə sıravi əsgər kimi hazırıq.

Ümummilli liderimiz Heydər Əliyevin Sizə etibar etdiyi Azərbaycanımızın ərazi bütövlüyü və iqtisadi inkişafı istiqamətində gördüyünüz bütün fəaliyyətinizi dəstəkləyirik və Sizinlə birlikdə bu fəaliyyətinizin bir damlası olmağımızla fəxr edirik. Əzəli torpaqlarımızın geri qayıtması sevincini, qələbəsini görmək bizə yaşamaq, yaratmaq şövqü verdi. Bundan sonra daha çox çalışmaq və Sizin ətrafınızda yumruq kimi birləşmək hamımızın vətəndaşlıq məsuliyyətimizi artırır.

Fəaliyyətinizdə, Azərbaycanımızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığınız mübarizənizdə, dövlətçiliyimizin və iqtisadiyyatımızın inkişafında çəkdiyiniz zəhmətinizə görə Sizə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildirir, uca Allahdan cansağlığı, uzun ömür diləyirik.

Sizə təşəkkür edirik. Əminik ki, Sizinlə birlikdə güclü olduğumuza inanırsınız. Çox Sağ olun.

Hörmətlə,

Rəşad Abdulla

Azərbaycan Respublikası, Şirvan şəhəri”.


“Əziz Prezidentimiz İlham Əliyev.

Cəbhədə qazandığımız uğurlar bizi həddən artıq sevindirdiyindən övladlarım bir neçə gündür ki, israrla Sizə məktub yazmaq istəyirlər. Mən isə onlara qələbə günündə təbrik məktubu yazarıq söyləyirdim.

Bu gün Gəncədə yaşayan valideynlərimlə danışdıqdan sonra onların Prezidentimizə - Sizə olan etibarını, inamını çatdırmağı özümə borc bildim.

Əziz Prezidentimiz, mən Sizə və Ordumuza güvəndiyimi bildirərək övladlarımın da ürək sözlərini Sizə çatdırmaq istərdim. Belə ki, qızım Dunay Sizin “Rossiya 1” televiziya kanalındakı çıxışınızı alqış və sevinclə qarşıladığını, daim Sizinlə olduğunu qeyd etməyimi xahiş etdi.

Böyük oğlum, Atilla adlı sərkərdəm isə Xankəndidə - Xanın kəndində bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyir.

On yaşlı Altay balam isə bu yaşda belə Sizin müsəlləh əsgəriniz olmaq arzusundadır.

Sizi və Şanlı Ordumuzu dəstəkləyirik!

Ürəyim, canım, şöhrətim, şanım,

Eşqinlə yanım, Azərbaycanım!

Hörmətlə,

Abuzərli Sevda Zakir qızı və övladları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu”.


“Möhtərəm cənab Prezident.

Sizi bir gənc olaraq, bir vətəndaş olaraq səmimiyyətimlə və bütün qəlbimlə dəstəkləyirəm. Aldığınız düzgün qərarların nəticəsinin gətirdiyi xoş xəbərlərə bir azərbaycanlı kimi çox sevinirəm. Sizə inamımız və etibarımız tamdır. Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi Sizin dərin strategiya və düzgün yeridilmiş siyasi qərarlarınızın nəticəsidir. Biz gənclərin daim Sizi dəstəklədiyimizi və Sizin yanınızda olduğumuzu bildirmək istəyirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Xacay Qafarova

Azərbaycan Respublikası, Balakən rayonu”.


“Çox hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız.

İşğalçı dövlətə qarşı apardığınız mübarizədə Azərbaycan xalqı həmişə Sizinlədir. Ordumuzun düşmənə tutarlı cavabı hər bir azərbaycanlı kimi, mənim də qəlbimi fəxr hissi ilə doldurur və qürurlandırır.

Cənab Prezident, hazırda iki övladım cəbhədə döyüşür. Böyük övladım Aprel döyüşlərinin iştirakçısı olub, həmin döyüşlərdə yaralanıb, indi yenə torpaqlarımızın azadlığı uğrunda vuruşur. Sizin rəhbərliyinizlə xalqımızın savaşı haqq işidir. Haqq işi hər zaman qalib gələcək.

Sizə və Azərbaycan xalqına Qələbə, yeni-yeni zəfərlər arzulayıram. Allah bu haqlı savaşda Ordumuzla və Sizinlə olsun. Xalq və Ordu həmişə bir yerdədir. Biz birlikdə güclüyük.

Hörmətlə,

Hüseynov Mail Şükür oğlu

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Amankənd kəndi”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.