Prezidentə yazırlar
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
Ələsgər Ağayevdən, Dubay, Birləşmiş Ərəb Əmirlikləri
“Hörmətli cənab Prezidentimiz.
Mən sadə cümlələrlə, ürək sözlərimlə Sizə təşəkkür etmək istəyirəm.
Harada yaşamağımızdan asılı olmayaraq hamımız Sizin arxanızda dağ kimi dayanmışıq. Sizin dediyiniz hər bir sözün, hər bir bəyanatın arxasında xalq dayanıb.
Sizin hər çıxışınız dünyaya səs salır, düşmənlərə, hətta güclü dövlətlərdən olan havadarlara meydan oxuyur, Azərbaycanın qəti mövqeyini ortaya qoyur.
Var olun, yüz yaşayın. Azərbaycan var olduqca, Sizdə yaşayacaqsınız. Azərbaycan isə hər zaman var olacaq, deməli, Siz də yaşayacaqsınız”.
Cem Küçüktürkdən, Kayseri, Türkiyə
“Hörmətli cənab Prezident.
Sizə böyük hörmətlərimi çatdıraraq Türkiyədə hər bir kəsin ürəyinin, canının bir hissəsinin Azərbaycandakı qardaşlarımızın yanında olduğunu bildirirəm.
Şəhidlərinizə görə başda Siz olmaqla Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm.
Allahım hamınızın yar və yardımçısı olsun.
Yaşamış olduğunuz xain hücum haqqında eşidəndə mütəəssir oldum. Amma əmin idim ki, Azərbaycan xalqın köməyi ilə bu təcavüzün də öhdəsindən gələcək.
Düşməniniz düşmənimizdir, Sizə xainlik edən bizə xainlik etmişdir.
Qələbənizə mübarək olsun deyir, bütün türk milləti adından yanınızda olduğumuzu bildirirəm”.
Əbülfəz Qasımov və başqalarından, Kiyev, Ukrayna
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Ukraynada yaşayan çoxsaylı həmvətənlərimizin adından Sizə və Sizin şəxsinizdə rəşadətli Azərbaycan Ordusuna səmimi minnətdarlığımızı bildirmək istəyirik.
30 ildir ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərini - Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğaldan azad etmək və 1 milyon qaçqını öz yurd-yuvalarına qaytarmaq üçün çıxdığınız bu müqəddəs yolda Sizi dəstəkləyirik.
Son günlər cəbhə bölgəsindən gələn şad xəbərlər bizi - Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır. Qüdrətli Ordumuz Sizin əmrinizlə gücünü düşmən üzərində göstərir, onlara layiq olduqları cavabı verir.
Cənab Prezident, bu gün Sizin rəhbərliyiniz altında Milli Ordumuzun əsgərləri düşməni işğal olunmuş Azərbaycan torpaqlarından qovur. Dövlətimizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında, erməni saxtakarlığını ifşa edən, təkzibedilməz dəlillərə əsaslanan publisistik və elmi əsərlərdən ibarət materialların Ukraynada davamlı şəkildə yayılmasında rol oynayan Ukraynadakı Azərbaycan ziyalıları müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun daim yanında olduğunu bəyan edir.
Siz və Sizin əmrinizdə olan qəhrəman Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdi ki, biz əzəli-əbədi torpağımız olan Qarabağ uğrunda sona qədər döyüşməyə hazırıq. Tarixi ədalət bizim tərəfimizdədir.
Sizə dərin hörmətimizi və dəstəyimizi bildiririk. Hər an əmrinizdə olduğumuzu ifadə etmək istəyirik. Biz həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik.
Sizin rəhbərliyiniz altında torpaqlarımızın son qarışına qədər geri alınacağına inanırıq. Hər birimizin ürəyinə sevinc gətirən fərəhli Qələbə gününü səbirsizliklə gözləyirik.
Yolumuz haqq yoludur!
Qarabağ Azərbaycandır!”
İltifat Muradovdan, Bakı, Azərbaycan
“Əziz cənab Prezident, hörmətli Ali Baş Komandan.
Sizə ulu öndərin layiqli davamçısı kimi müraciət edərək Sizinlə qürur duyduğumu deyirəm.
Mən Qarabağ qazisiyəm. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovla çiyin-çiyinə döyüşmüşəm. 57 yaşım olsa da bir çağırışınız yetər ki, Azərbaycan dövlətinin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edim. Canımı Vətən yolunda fəda etməyə hazıram.
Siz xalqımızın, bütün Azərbaycanlıların Qəhrəmanısınız. Allah Sizi qorusun.
Qürurla deyirik: Qarabağ Azərbaycandır!”
Vəli Şahverdiyevdən, Cəbrayıl, Azərbaycan
“Hörmətli cənab Prezident.
Torpaq bizim əbədi Vətənimizdir. Mən Cəbrayılda doğulmuşam, orda yaşa dolmuşam, orda ulularımız dəfn olunub. Bir də onu deyim ki, ata yurdumda 30-a qədər döyüş qabiliyyətli övladlarımız var. Onlar və mən özüm döyüşə hazırıq.
Mənim ailəm qadir dövlətimin verdiyi mənzildə yaşayır. İnanaraq deyirdim ki, yaxın illərdə doğma torpaqlara qayıdacağıq. Bu gün Siz xəyalları gerçəyə çevirdiniz. Bunun üçün Sizə uzun ömür, xoş günlər arzulayıram.
Deyirəm, eşq olsun Sizi dünyaya gətirən Anaya! Eşq olsun Sizə! Siz xalqın qəlbində heykəlinizi qoydunuz.
Qarabağ Azərbaycandır!”
Əjdər Əliyevdən, Saatlı, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizə bu məktubu çox sevinə-sevinə yazıram. Ona görə ki, Siz bizim Prezidentimiz olmaqla yanaşı, həm bizim, həm də dünya azərbaycanlılarının ağsaqqalısınız. Erməni dığalarının torpaqlarımızdan qovulması üçün cəsarətlə addım atdınız. Mən Sizin bu addımınızı alqışlayıram. Sizin zəfər bayrağınız mübarək olsun.
Siz bizim müdrik Prezidentimizsiniz. Sizin fəaliyyətiniz dünya tarixinə qızıl həriflərlə yazılır. Çünki, Siz ulu öndər Heydər Əliyevin oğlu olaraq onun siyasətini uğurla aparırsınız. Sizə uğurlar arzulayırıq”.
Məhəmməd Ağayevdən, Salyan, Azərbaycan
“Cənab İlham Əliyev, çox hörmətli Ali Baş Komandan!
Dövlətimiz üçün ağır, lakin gələcəyə böyük ümid yaradan bu günlərdə xalqımızın yumruq şəklində öz Ali Baş Komandanı ətrafında birliyini görmək çox xoş olmaqla yanaşı məndə ölkəmizin gələcəyinə böyük ümidlər yaradır.
Hamı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.
Yaşımdan asılı olmayaraq, ehtiyatda olan bir zabit kimi mən də ordu sıralarında olmağı çox arzulayıram.
Gənclərimizin səfərbər olaraq ordu sıralarında torpaqlarımızın azadlığı uğrunda vuruşmaları məni hədsiz qürurlandırır və fərəhləndirir. Sizin komandanlığınız altında mübariz əsgər və zabitlərimizin düşmənə sarsıdıcı zərbələr vurması bizi hər gün zəfərə bir addım daha yaxınlaşdırır.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandanımız və müzəffər Ordumuz!”
Rəcəb Ağayevdən, Masallı, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Mən Masallı rayonunun Qızılavar kəndində yaşayıram. Kənd təsərrüfatı sahəsində xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Hazırda erməni faşistlərinə qarşı xalqımızın haqq savaşı gedir. Mən də döyüşə getmək üçün könüllü müraciət edənlər sırasındayam. Rayonumuzda olan bu qədər ruh yüksəkliyini heç vaxt görməmişik. Hər gün hərbi komissarlığın qarşısında döyüşə könüllü gedənlərin növbəsidir. İnsanlarımız şəhidlərimizin qisasını almaq üçün növbəyə durmuşdur. Hamı Mübariz İbrahimov və Polad Həşimov olmaq istəyir. Ordumuzun qələbələri sanki insanlara qol-qanad verib. Hər yerdə qələbə sevinci yaşanır. Belə bir Qəhrəman xalqı olan dövlətdə yaşadığımıza görə fəxr edirik.
Sağ olun, var olun. Yaşasın Azərbaycan Ordusu! Eşq olsun, Ali Baş Komandanıma!”
“Mirmehdi Məmmədovdan, Beyləqan, Azərbaycan”
Hörmətli cənab Prezident.
Otuz ilə yaxın vaxtdır ki, torpaqlarımız faşist erməni işğalçılarının tapdağı altındadır. Sizin uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımız işğaldan azad olunmaqdadır.
Qüdrətli ordumuzun apardığı uğurlu hərbi əməliyyatlar hamımızda böyük ruh yüksəkliyi yaratmışdır.
Qətiyyətlə inanırıq ki, Sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan tam azad ediləcəkdir.
Qələbə bizimlədir. Allah Sizi qorusun”.
Babək Hətəmovdan, Biləsuvar, Azərbaycan
“Hörmətli cənab Prezidentimiz.
Mən Biləsuvar şəhər Mübariz İbrahimov adına liseyin 7-ci sinif şagirdiyəm. Mənim ən böyük arzum Milli Qəhrəmanımızın qisasının alınmasını görmək idi. Bu sevinci bizə yaşatdığınız və Mübarizin, eləcə də minlərlə şəhidimizin qanını yerdə qoymadığınız üçün təşəkkür edirəm. Mən və mənim yaşıdlarım inanırıq ki, Sizin rəhbərliyiniz və əzmkarlığınızla Azərbaycan bayrağı əbədi olaraq Qarabağda dalğalanacaq.
İbrahim Abbaszadədən, Bakı, Azərbaycan
“Əziz Prezidentim.
Mənim adım Abbaszadə İbrahimdir. Mən Bakıda 240 saylı məktəbdə təhsil alıram. Mənim yaxınlarda 10 yaşım olacaq.
Mən Azərbaycan Ordusunu dəstəkləyirəm. Azərbaycan Ordusu çox güclüdür.
Mən inanıram ki, Qarabağ erməni faşistlərindən azad olunacaq.
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” – bu kəlməni ümummilli liderimiz Heydər Əliyev söyləmişdir. Allah Ulu Öndərimizə və şəhidlərimizə rəhmət eləsin.
Bu məktubumla mən Türkiyəyə də ürəkdən təşəkkürümü bildirirəm. Ona görə ki, onlar hər zaman bizim yanımızdadırlar.
Qarabağ bizimdir, bizim olacaq!”
“Elşad Qaziyevdən, Mingəçevir, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm ki, Siz hər zaman olduğu kimi öz uzaqgörən və qətiyyətli addımlarınızla Azərbaycan dövlətinin inkişafına böyük töhfələr verirsiniz. Ulu Öndərimiz hər zaman deyərdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var”.
Alagöz Səfərovadan, Füzuli, Azərbaycan
“Hörmətli cənab Prezident,
Füzuli şəhərindən olan bir məcburi köçkün kimi 30 ilə yaxın müddətdir ki, düşmənlə üz-üzə cəbhə bölgəsində qorxmadan, şərəflə yaşayıram. Dərs dediyim məktəbdə şagirdlərimə Sizin apardığınız siyasətin ölkəmiz üçün nə dərəcədə vacib olduğunu həmişə bildirmişəm. Mən və şagirdlərim buna bir daha əmin olduq. Uzun müddətdən sonra Sizin rəhbərliyinizlə qüdrətli ordumuz bizi sevinc göz yaşlarına boğdu. Cənab Prezident mənim həyat yoldaşım hərbiçi kimi Vətənə borcunu şərəflə yerinə yetirməkdədir. Bu bir həyat yoldaşı kimi, bir ana kimi məni çox qürurlandırır. İnanıram ki, Sizin rəhbərliyinizlə, Ordumuzun gücü ilə, qeyrətli əsgərlərimizlə çox yaxında üç rəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bu Vətən qeyrətli insanların Vətəndir. Bu Vətən bizimdir, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Allah Sizi və qüdrətli ordumuzu qorusun”.
Sahib Kərimovdan, Quba, Azərbaycan
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Şanlı Ordumuz erməni cəlladlarının Azərbaycan torpaqlarının işğalı ilə barışmayaraq Azərbaycan xalqının tələbi ilə torpaqlarımızı düşmənlərdən təmizləyir. Bunlara görə Sizə və şanlı Ordumuza “çox sağ olun” deyirik. Cəbhədə şəhid olan qəhrəmanlara görə, onların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.
Cəbhə xəttində, Ağdamın Çəmənli kəndində hərbi xidmət keçmiş böyük oğlum Kərimov Osman və kiçik oğlum Kərimov Həmidulla çavuşdurlar. Onlar könüllü olaraq müharibəyə getmək üçün aidiyyəti orqanlara müraciət etmişlər. Mən bununla fəxr edirəm. Vətən bizim hamımızındır.
Allah Ali Baş Komandana və qəhrəman Ordumuza kömək olsun. Yaşasın müstəqil Azərbaycan Respublikası!”
Bəhmən Bayramovdan, Biləsuvar, Azərbaycan
“Möhtərəm cənab Prezident!
Mən yaşıma görə Sizi özümə qardaşoğlu hesab edirəm. Sizin apardığınız siyasət nəticəsində mən və xalqımız sanki dirilmişik. Nəvələrim hamısı ordudadır. Onlar mənə şad xəbər verdilər ki, torpaqlarımızı yağı düşməndən azad edirik. Mən sevincimdən ağladım.
Mənim 90 yaşım oktyabrın 15-də tamam olacaq. Bu günü ki gördüm, bundan sonra mənə daha ölüm yoxdur.
Sizi Allaha tapşırıram. O özü Sizə yar olsun! Allah Xalqımızı və Ordumuzu qorusun!”
Rövşən Məmmədovdan, Cəbrayıl, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Başda Siz olmaqla çox hörmətli Mehriban xanımı və Azərbaycan xalqını bizlərə bəxs etdiyiniz bu Qələbə sevinci münasibəti ilə öz adımdan, ailəmiz adından və Cəbrayıl rayonu sakinləri adından təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Mən bir azərbaycanlı və Cəbrayılın Böyük Mərcanlı kənd sakini olaraq Sizinlə fəxr edirəm. Bizim Cəbrayılımızı və bir neçə kəndlərimizi 30 ilə yaxın həsrətdən sonra bizlərə qaytardınız bu sevinci bizlərə bəxş etdiniz. Allah Sizi, Mehriban xanımı və Azərbaycan əsgərlərini qorusun.
Qələbə bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Elçin Əmiraslanovdan, Qobustan, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
Bu tarixi gün münasibətilə Sizi, xalqımızı ürəkdən təbrik edirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında yaxın vaxtlarda Şuşada, Ağdamda, Xankəndidə, bütün işğal olunmuş ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanacaqdır.
Biz keçmiş döyüşçülər günü bu gün də Vətən yolunda Sizin rəhbərliyiniz altında, qanımızdan, canımızdan keçməyə hazırıq. Sizin siyasi kursunuzu, hərbi siyasətinizi dəstəkləyir və alqışlayırıq.
Cənab Ali Baş Komandan, elə başa düşülməsin ki, mən özümü kənarda qoymaqla azadlığa nail olmağımızı istəyirəm. Sizə çox məsuliyyətlə bildirirəm ki, Vətən uğrunda canımı, qanımı belə verməyə hazıram.
Bu çətin, lakin şərəfli işinizdə Tanrı Sizə və millətimizə yar olsun!”