06
Oktyabr

6 Oktyabr

Könüllülük

Cəbhəyə könüllü yollanan azərbaycanlı tanınmışlar

Artıq 6 gün idi ki, cəbhəboyu ərazilərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlər gedirdi və Azərbaycan gəncləri könüllü olaraq cəbhəyə yola düşürdülər. Onların arasında məşhur idmançılar, sənətçilər və vəzifəli şəxslərin övladları da var idi.

Birinci Avropa Oyunlarının qalibi, taekvondoçumuz Ayxan Tağızadə də hərbi xidmətə çağırılıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, o, taekvando məşqçisi Əvəz Tağıyevin ailəsində dünyaya gəlib.

Bir digər idmançımız MMA döyüşçüsü Tofiq Musayevdir. 30 yaşlı idmançı cəbhə xəttinə yollanıb. Qeyd edək ki, qarışıq döyüşlər ustası olan Tofiq Musayev indiyədək keçirdiyi döyüşlərdə 18 dəfə qalib gəlib.

“Bakı” klubunun sabiq futbolçusu Valeh Seyidov da cəbhə xəttinə yollanıb. Qeyd edək ki, Valeh Seyidov “Bakı”nın sabiq vitse-prezidenti Yaşar Seyidovun yeganə oğludur.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da oğlunu cəbhəyə yola salıb. Polis rəisinin oğlu Pərvin Əsədov könüllü olaraq döyüşə yollanıb.

Cəbhəyə yollananlar sırasında tanınmış azərbaycanlı dicey Rövşən Həsənov da (DJ Roshka) var. Onun ordu sıralarına qoşulması ilə bağlı məlumatı dostları verib. 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.