Könüllülük
Astaralı gənclər Azərbaycan Ordusu sıralarına qələbə əhval-ruhiyyəsi ilə yola düşürlər
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizdə törətdiyi təxribatın qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkəmizdə qismən səfərbərlik elan olunub.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, astaralı gənclər də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə gəlirlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinə gün ərzində yüzlərlə müraciət daxil olur. Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur, Ali Baş Komandanın Sərəncamını təntənə ilə qarşılayır.
Qismən səfərbərlikdə fəallıq nümayiş etdirən astaralı gənclər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval-ruhiyyəsi ilə yola düşürlər. Bu əhval-ruhiyyəni onların verdikləri müsahibələrdə aydın gömək olar.
Əli Abbaszadə: “Çağırışı eşidən kimi gəlib könüllü yazıldım. Hər zaman canla-başla Vətənin müdafiəsinə hazıram. Bu gün hamının bir istəyi var - torpaqlarımızı düşmən tapdağından azad etmək!”
Tamerlan Qədimov: “İki ildir ki, hərbi xidməti başa vurmuşam. Ali Baş Komandanın bu çağırışını gözləyirdik. İnşallah, qələbə ilə geri qayıdacağıq”.
Əli Feyziyev: “Sizi əmin edirəm ki, mənim kimi hər bir astaralı canı və qanı bahasına Vətən torpaqlarını azad etməyə hazırdır. Bir qarış torpağımız belə düşmən tapdağında qalmamalıdır!”
Qeyd edək ki, vətəndaşların qismən səfərbərliyə cəlb olunması müvafiq normativ-hüquqi aktlara əsasən həyata keçirilir. Artıq kifayət qədər vətəndaşın təlimlərə cəlb edildiyi bildirilib. Bununla belə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin qarşısında toplanan yüzlərlə gənc, rayonun mərd oğulları cəbhə bölgəsinə gedərək döyüşmək və əsgərlərimizə lazımi köməklik göstərmək istədiklərini bildirirlər.