10
Oktyabr

10 Oktyabr

Könüllülük

Türkiyədəki 45 azərbaycanlı həkim hərbçilərə tibbi yardım üçün Vətənə gəldi

Türkiyədə tibbi təhsilini bitirərək qardaş ölkədə işləyən 45 azərbaycanlı həkim könüllü olaraq cəbhə bölgələrində hərbçilərimizə tibbi yardım göstərmək üçün Vətənə yola düşüb.

Azərbaycanlı həkim heyəti oktyabrın 10-da Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.

Qeyd edək ki, həkim soydaşlarımızın Azərbaycanın belə taleyüklü günündə Vətənimizə dönməsi Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bundan başqa qardaş ölkədə toplanan 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə göndərilib.

Gənc həkimlərimiz böyük ruh yüksəkliyi ilə Azərbaycana döndüklərini üçrəngli bayrağımıza bürünərək Esenboğa Hava Limanında təntənəli şəkildə yola çıxmaları ilə də nümayiş etdiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.