15
Oktyabr

15 Oktyabr

İnformasiya müharibəsi

Erməni təcavüzü xarici KİV-lərdə təbliğ edildi

Vətən müharibəsi zamanı informasiya savaşında vacib amillərdən biri də xarici KİV-də Azərbaycan həqiqətlərinin dərcinə nail olmaqdır. Bu istiqamətdə Kolumbiya mediasında erməni işğalı ilə bağlı gedən məqaləni nümunə göstərmək olar.

Kolumbiyanın aparıcı mətbu orqanlarından olan “El Espectador” qəzetində səfir Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub.

Müsahibədə münaqişənin tarixi haqda məlumat verən səfir, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən dərhal sonra Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını, Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada, eləcə də Kolumbiya tərəfindən tanınmış ərazilərinin beşdə birinin Ermənistan tərəfindən işğal edildiyini bildirib.

Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ancaq həmin vaxtdan 27 il keçməsinə rəğmən, Ermənistanın davamlı destruktiv mövqeyi səbəbindən münaqişənin həllində cüzi də olsa irəliləyiş əldə olunmadığını qeyd edib.

Sentyabrın 27-dən etibarən Ermənistanın dinc yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa başladığını, hazırkı anadək bu hücumlar nəticəsində arasında azyaşlı uşaqlar da olmaqla çoxsaylı azərbaycanlı mülkü vətəndaşın həlak olduğu və yaralandığını, habelə son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı terror əməli törədərək hərbi əməliyyatlar aparılan ərazidən uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə ballistik raket zərbələri endirdiyini məlumat verən diplomat, Azərbaycan ordusunun mülkü əhalinin təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etmək məqsədilə əks-hücum tədbirləri apardığını bildirib.

Münaqişənin masa ətrafında həllinin mümkünlüyünə dair müxbirin sualına cavab olaraq təmsilçimiz münaqişənin başlıca səbəbinin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu olduğunu, hazırda beynəlxalq ictimaiyyətin tərəfləri dialoqa çağırdığını, lakin bu addımın birtərəfli qaydada atıla bilməyəciyini, münaqişədə təcavüzkar tərəfin Ermənistan olduğunu, hər kəsin təcavüzkarla zərərçəkəni ayırd etməsi gərəkdiyini və beynəlxalq ictimaiyyətin BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsini tələb etməli olduğunu vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.