21
Oktyabr

21 Oktyabr

Diplomatik təmaslar

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü Prezident İlham Əliyevə məktub göndərib

2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Gəncə şəhərində yaşayış binalarına raket hücumları, həmçinin Dağlıq-Qarabağda hərbi əməliyyatlar zamanı həyatlarını itirən şəxslərlə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Mən mülki əhalini hədəfə alan bütün qəddar hərəkətləri qınayıram.

Mən, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini, münaqişənin həlli ilə bağlı danışıqların BMT və dünya ölkələri tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində aparılmasını tamamilə dəstəkləyirəm.

Biz Balkan yarımadasında müharibənin nə demək olduğunu anlayırıq. Mən Sizin bir lider kimi daşıdığınız nəhəng yükün ağırlığını yalnız təsəvvür edə bilərəm. Mən üzvü olduğum Nizami Gəncəvi Beynəlxalq Mərkəzində həmsədrlərimiz xanım Vaira Vike-Freyberqa və İsmail Serageldin, həmçinin işinə sadiq baş katibimiz ilə gündəlik ünsiyyətimiz zamanı Dağlıq-Qarabağla bağlı fəal danışıqlar aparırıq. Şəxsən mən görkəmli natiqlərlə bir neçə videokonfransda iştirak etmişəm və bu fəaliyyəti davam etdirməyə çağırıram.

Cənab Prezident, Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və dostları kimi bizə etibar edə bilərsiniz.

Xahiş edirəm, Sizə olan ən yüksək hörmət və ehtiramımızı qəbul edin.

Dərin hörmətlə,

Mladen İvaniç

2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.