01
Dekabr

Əsgərimiz

Azərbaycan Ordusu Vətən müharibəsində yüksək qəhrəmanlığı və peşəkarlığı sayəsində düşməni diz çökməyə məcbur etdi 

Qırx dörd günlük Vətən müharibəsi zamanı Azərbaycan ərazisi işğalçılardan təmizlənib və artıq azaddır. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımız qısa müddətdə - 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilib. Ordumuzun gücünü görən düşmən diz çökməyə və kapitulyasiya tələblərinə cavab verən bəyanatı imzalamağa məcbur olub. Nəticədə Ermənistan, dövlətimizin başçısının dediyi kimi, işğal altında qalan digər ərazilərimizi – Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etməsinə dair cədvəl təqdim etdi. Onun əsasında sonuncu Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini, o cümlədən Laçını tərk etdi.

Polkovnik qeyd edib ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəfləri yerinə yetirib. Əsas odur ki, ölkəmizin ərazi bütövlüyü tam təmin edilib. Azərbaycanın Ermənistan ilə beynəlxalq səviyyədə tanınan dövlət sərhədləri tam bərpa olunub. Azərbaycanın hərbi hissələri Ermənistanla sərhədboyu sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün həmin ərazilərdə yerləşdirilib. Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərini tərk edib. Bunun və təhlükəsizliyin təmin olunmasına zəmanət məqsədilə Rusiyanın sülhməramlı kontingenti bölgədə yerləşdirilib.

“Hazırda mühüm işlərdən biri işğaldan azad olunmuş ərazilərin hərbi sursatlardan təmizləndikdən sonra dağılmış yaşayış məntəqələrini və infrastrukturu bərpa etməkdir. Sonra həmin ərazilərə məcburi köçkün vətəndaşlarımızı yerləşdirməkdir”, - deyə hərbi ekspert vurğulayıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.