
Zəfərin yolu
Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.
Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.