
Zəfərin yolu
Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.
Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.
Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.
Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.
Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.
Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.
Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı videoda isə düşmən tanklarının məhv edilməsinə dair görüntülər nümayiş olunub.