Müharibə ərəfəsində baş verənlər
Azərbaycan Qarabağ münaqişənin sülh yolu ilə həllinə son ana qədər sadiq qalmağa çalışırdı. 1994-cü ildə atəşkəs sazişi imzalanandan sonra keçən 26 il ərzində Azərbaycan bir dəfə də olsun, danışıqları pozacaq heç bir təxribata əl atmayıb. Amma Ermənistan tam əksinə. Müharibəni labüdləşdirən də elə son illərdə Erməni tərəfin hərbi, siyasi və diplomatik təxribatlarının çoxalması oldu.
2016: Aprel döyüşləri
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəbləri, xəstəxanaları və ibadət yerlərini atəşə tutdu. Nəticədə dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər isə ağır yaralandı.
Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək, əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonunun işğal altında olan 2 min hektardan çox ərazisini azad etdi.
Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə bölgəsində gərginliyin əsas səbəbi olduğunu və Azərbaycanın heç vaxt işğalla barışmayacağını nümayiş etdirdi.
2016-cı il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında Vyana və Sankt-Peterburq görüşlərində müzakirələr aparılsa da, yenə Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən irəliləyiş əldə olunmaydı.
2017: Təxribatlar davam edir
Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. İyun və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini artırdığı, beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışları fonunda Ermənistan qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışdı. Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər - 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi, 2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirildi. Beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil.
2018: Çevriliş
2018-ci ilin mayında Ermənistanda çevriliş yolu ilə hakimiyyət dəyişiləndən bir neçə gün sonra Naxçıvanla sərhəddə törədilən təxribat yeni hökumətin mahiyyətini və məqsədlərini anlamaq üçün aydın siqnal verirdi. Bunun ardınca gələn bəyanatlar isə artıq Ermənistan hakimiyyətinin niyyətlərini anlamağa kömək edirdi.
2018-ci ilin sentyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan “Mən Qarabağı Ermənistanın bir hissəsi kimi görürəm” şəklində bəyanat verməklə faktiki danışıqlar prosesini mənasızlıq dalanına yönəltdi.
2019: Danışıqlar mənasını itirir
2019-cu ilin martin 29-da Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda bəyan etdi ki, onların yeni formulu “yeni ərazilər uğrunda yeni müharibə” şəklindədir.
Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması ilə çıxış etdi. Buna qədər Ermənistan hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüquqi və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini pərdələməyə və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək hüququ kimi göstərməyə çalışırdı. Paşinyanın bu bəyanatı Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunu aydın şəkildə göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın dediklərinə cavab verdi: “...bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Bu cümlənin bütün Azərbaycan xalqı üçün milli şüara çevriləcəyi günə 1 ildən az vaxt qalırdı…
Azərbaycan prezidentini, onun xarakterini, sözünün çəkisini anlayanlar bu bəyanatdan nəticə çıxara bilərdilər, amma təəssüf ki, Ermənistanın səbəbsiz məstliyə qapılmış rəhbərliyində bu uzaqgörənlik yox idi və onlar təxribatları davam etdirmək yolundan çəkilmədilər.
2020: “Yeddi şərt” və bir cavab
2020-ci ilin fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın debatı baş tutdu. Azərbaycan Prezidenti müzakirələr zamanı Azərbaycanın münaqişə ilə bağlı haqlı mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və Ermənistanın işğalçılıq siyasətini və saxta iddialarını tarixi faktlara və beynəlxalq hüquqa əsaslanaraq arqumentlərlə darmadağın etdi.
Debatda Paşinyanın “Kokeyşn büro” deyib, durması isə lətifəyə çevrilir.
Amma buna baxmayaraq, Paşinyan həmin ayın sonunda ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsilə bağlı mövqeyinə zidd olan “Münhen prinsipləri”ni elan etdi. Şərtlərdən biri də Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlarda iştirak etməsi idi. Minsk qrupu buna heç bir reaksiya vermədi.
2020-ci ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma “seçkilər” növbəti təxribat oldu. Həmin “seçkilər” əvvəlkilər kimi beynəlxalq ictimaiyyət, heç bir beynəlxalq təşkilat, dövlət tərəfindən tanınmadı, əksinə, kəskin şəkildə qınanıldı və rədd edildi.
2020-ci ilin iyulunda Ermənistanın baş nazirinin münaqişənin həlli ilə bağlı qəbuledilməz “yeddi şərti” irəli sürməsi işğalçı dövlətin əsl məqsədini açıq-aydın nümayiş etdirdi. Bununla əlaqədar Prezident İlham Əliyev bildirib: “Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.
2020: İyul-avqust təxribatları
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi.
Nəticədə içərisində yüksək rütbəli zabitlər olmaqla, bir qrup Azərbaycan hərbiçisi və bir nəfər mülki şəxs şəhid oldu. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etdi.
Atəşkəs dövrü üçün həddindən artıq olan bu hadisəyə etiraz kimi 2 gün sonra Bakıda kütləvi yürüş keçirilir. Pandemiya şəraitinə baxmayaraq, yürüşə xeyli insanın qatılması artıq Azərbaycan xalqının səbrinin tamamilə tükəndiyini göstərirdi.
2020-ci ilin avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin 2020-ci il avqustun 23-də həmin qrup zərərsizləşdirildi, onun rəhbəri saxlanıldı və beləliklə, növbəti təxribat planı baş tutmadı.
Ermənistanın hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edəcək mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması, müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışı, bu ölkənin rəsmi şəxslərinin Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna zərbə endirmək hədələri, müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etməsi, külli miqdarda silahlar tədarük etməsi və s. bu ölkənin Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını açıq şəkildə nümayiş etdirdi.
2020: Sentyabr
2020-ci il sentyabrın 21-də Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı zamanı bəyan etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını göstərir: “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.
Sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını növbəti dəfə bəyan etdi.
2020-ci il sentyabrın 25-də Azərbaycan Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən bir daha qeyd etdi ki, Azərbaycan tərəfinin kəşfiyyat məlumatları göstərir ki, Ermənistanda Azərbaycana qarşı çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.
Lakin təəssüf ki, Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi.
Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.