
Zəfərin yolu
Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09.25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub.
Saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.
Bərdə və Goranboy rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Xatırladaq ki, oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun və Baş prokuror Kamran Əliyevin müşayiəti ilə Bərdə rayonundadırlar.
Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.
Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk.