28
Sentyabr

28 Sentyabr

Əhaliyə dəyən ziyan

Tərtər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulub

Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Xüsusilə qeyd edilməlidir ki, səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində, Azadqaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəymiş, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib. 

Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıx arx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyəyətə düşmüş, bina sakinləri təxliyyə edilib.

Həmçinin, işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonu, Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmilərinin düşməsi nəticəsində çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.