12
Oktyabr

12 Oktyabr

Xarici İşlər Nazirliyi

Nazirlə slovakiyalı həmkarı arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri İvan Korçok arasında telefon danışığı olub.

İvan Korçok bölgədəki gərginlikdən ciddi narahatlığını ifadə edib və siyasi dialoqun bərpasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov həmkarına sentyabrın 27-də cəbhə xətti boyunca Ermənistan tərəfindən həyata keçirilmiş növbəti genişmiqyaslı hərbi təxribat və Ermənistanın hərbi təcavüzünü dəf etmək və əhalinin sıx yerləşdiyi mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin hücumlara qarşı əks-həmlə əməliyyatı barədə məlumat verib. Nazir Ceyhun Bayramov oktyabrın 10-da humanitar atəşkəs elan olunduqdan sonra da Ermənistanın Azərbaycanın dinc əhalisini və mülki obyektlərini qəsdən atəşə tutmaqda davam etdiyini bildirib. Naftalan, Şəmkir, Mingəçevir və Gəncə də daxil olmaqla cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qaldığı diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov regionda davamlı sülhü və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.