22
Oktyabr

22 Oktyabr

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət ediblər

Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı  Sərəncama əsasən,çağırışçıların müəyyən edilmiş plan əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.

Qrafikə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçılar təyin olunduqları qoşun növləri üzrə xidmət edəcəkləri hərbi hissələrə yola salınırlar.

Gənclər müzəffər ordumuzun sıralarında xidmətə yola düşmələrindən şərəf duyduqlarını, hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər.

Sumqayıt şəhərindən, Bakının Binəqədi və Nizami rayonlarından olan çağırışçılar cəmiyyətə müraciət edərək respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və TƏBİB-in müvafiq təlimatlarına riayət edilməsinin vacibliyini bildiriblər. Onlar vətəndaşları arxa cəbhədə pandemiya dövrünün tələblərinə uyğun olaraq COVİD-19-a qarşı aparılan mübarizədə aktiv iştirak etməyə çağırıblar.“Bu gün Ermənistanın işğalına son qoymaq üçün şanlı Azərbaycan ordusu cəbhədə zəfərlər qazanır. Biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirib, gözəgörünməz düşmən olan koronavirusla mübarizədən də qalib çıxmalıyıq”,- deyə çağırışçılar müraciətlərində vurğulayıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, oktyabr ayı ərzində xidmətə yollanan gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilirlər. Onlar qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.