02
Oktyabr

2 Oktyabr

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola düşürlər

Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatında qeyd olunur ki,çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək:"Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Oktyabr çağırışçıları müddətli həqiqi hərbi xidmətə Azərbaycan əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri üçün qürur hissi ilə yola düşürlər. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.