Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Azərbaycan Prezidenti bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev dekabrın 1-də bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən 2020-ci il dekabrın 2-dən tərxis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamı ilə hərbi xidmətə çağırılmış
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
- ailənin tək övladı olan;
- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.