03
Noyabr

3 Noyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 3-də keçirilən brifinqdə çıxış edib.

Prezidentin köməkçisi qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası istiqamətində əməliyyatları davam etdirir. Ermənistan silahlı qüvvələri bu gün də cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atıb. Azərbaycan Ordusu bu təxribat və hücumların qarşısını almaqdadır. Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, Azərbaycan dövlətinin Prezidentimizin rəhbərliyi ilə apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsidir.

Prezidentin köməkçisi qeyd edib ki, hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir. Sentyabrın 29-dan indiyədək Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsinə cavab olaraq Prezident İlham Əliyev nüfuzlu beynəlxalq media orqanlarına 24-dən çox müsahibə verib. Bəzi müsahibələr hətta bir və ya iki saat davam edib. Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu, əks təsir verir və onlar özlərinin işğalçılıq siyasətini ifşa edirlər.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidentinə bu müsahibələrdə təxribatçı sualların verildiyini də görürük, ancaq dövlətimizin başçısı həmin suallara səbir və təmkinlə cavab verir.

Prezidentin köməkçisi deyib: “Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda erməni lobbisi tərəfindən təzyiq və təhdidlərlə üzləşirlər. Fransanın TF1 kanalı, ABŞ-ın “Nyu-York Times” qəzeti də belə təzyiqlərə məruz qalır. Azərbaycan belə halları qəti şəkildə qınayır. Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq”.

“Ermənistan bir tərəfdən münaqişənin sülh yolu ilə həllindən danışır, digər tərəfdən danışıqlara zərbə vuran təxribatlara əl atır.”

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “müharibənin sülh yolu ilə həlli yoxdur” deməsi, son hərbçisinə qədər müharibəni davam etdirəcəyi və torpaqları Azərbaycana qaytarmayacağı ilə bağlı dedikləri danışıqlar prosesinə zərbədir.

Hikmət Hacıyev vurğulayıb ki, nəticə o zaman olar ki, qarşı tərəf konstruktiv olsun, ancaq biz bunu görmürük.

Prezidentin köməkçisi onu da qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanlara qarşı hücumlar davam etməkdədir. Son vaxtlar Ermənistan silahlı qüvvələri fosfor tərkibli silahlardan da istifadə etməyə başlayıb.

Prezidentin köməkçisi Ermənistanın məğlubiyyətlərini, həqiqətləri gizlətməklə öz ictimaiyyətini aldatdığını bildirib.

Ermənistanın hibrid müharibəyə keçməsi barədə məlumatlar daxil olur. Adətən ölkələr müharibəni uduzduqda asimmetrik və hibrid müharibədən istifadə edirlər.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə atəş açmaqda davam edir, bunun üçün qadağan edilmiş ən güclü silahlardan istifadə edir. Ermənistan asimmetrik müharibə, yəni terror vasitəsilə müharibənin aparılması üsulunu seçib.

Hikmət Hacıyev Ermənistanın öz əməlləri ilə digər ölkələri də müharibəyə təhrik etməyə çalışdığını qeyd edib.

Ermənistanın ağ fosfor tərkibli mərmilərdən istifadə etməsi onun qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Ermənistanın bu kimi silahlardan istifadə etməməsi ilə bağlı öhdəliyi var.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın bu silahlardan istifadə etməsində əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlarına zərbə vurmaqdır. Ermənistan insanlar üçün ağır fəsadlar törədə bilən bu silahlardan istifadə edərək digər mülki obyektlərə də ziyan vura bilər. Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi münasibət bildirməlidir.

Ermənistan öz cinayətlərini ört-basdır etmək üçün Azərbaycan Ordusunun tərkibində muzdluların, hansısa üçüncü ölkənin hərbçilərinin iştirak etməsi barədə yalanlar və fantaziyalar uydurur. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımızın tapşırığını layiqincə yerinə yetirir.

Hikmət Hacıyev deyib ki, əksinə, muzdlular Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət göstərir. Onlar işğal edilmiş ərazilərimizdə yerləşdirilib və Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə olunur. Onların əksəriyyətini erməni əsilli insanlar təşkil etsə də, aralarında digər etnik mənsubiyyəti olan insanlar da var.

Prezidentin köməkçisi qeyd edib ki, erməni terrorçular açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara maddi mükafat vəd edir.

 

 

 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.