Prezident Administrasiyası
Hikmət Hacıyev: Bərdə sakinlərinin əzmini diplomatik korpusun nümayəndələri və hərbi attaşelər də gördülər
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə təşkil edilən brifinqdə çıxış edib.
"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə biz Bərdə və Tərtər şəhərlərinə bu səfəri təşkil etdik."
Prezidentin köməkçisi səfərdə iştirak edən Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrə və hərbi attaşelərə təşəkkür edib. O deyib ki, dünən və ondan əvvəlki gün Ermənistan Silahlı Qüvvələri “Smerç” raketləri və kasetli bombalardan istifadə edərək Azərbaycanın Bərdə şəhərini intensiv şəkildə atəşə tutub. Bunun nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Bərdə şəhəri cəbhəyanı zonadan 60-70 kilometr kənarda yerləşir. Ermənistanın Bərdə şəhərini qadağan olunmuş silahlarla atəşə tutmasının yalnız bir məqsədi var idi: mülki insanların qətlinə səbəb olmaq və onlar arasında panika yaratmaq. Ancaq onlar bu məqsədlərinə heç bir halda nail ola bilməyəcəklər. Bərdə sakinlərinin əzmini diplomatik korpusun nümayəndələri və hərbi attaşelər də gördülər.
Prezidentin köməkçisi qeyd edib ki, bu, ermənilərin Xocalı soyqırımından başlayan və bu gün də davam edən müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir. Onlarda hər hansı məsuliyyət hissi qalmayıb. Gördüyümüz kimi, onların hədəfi mülki insanlardır. Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər azğınlaşıb ki, diplomatik nümayəndəliklərin təmsilçiləri Tərtərdə olanda da atəş açırdılar.
“Tərtər şəhərində Ermənistan silahlı qüvvələrinin gün ərzində atdığı mərmilərin, mülki insanlara, yaşayış binalarına dəymiş zərərin bu gün bir daha şahidi olduq”, - deyə Hikmət Hacıyev qeyd edib.